Zahid Oruc gələcəkdə görüləcək işlərdən danışdı
Zahid Oruc Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin ailəsi və yaşadığı binanın sakinləri ilə görüşdü
1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı davam edir. Növbəti görüş Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin ailəsinin ziyarəti, o cümlədən, şəhidimizin yaşadığı Abdulla Rəhimov 3 küçəsinin sakinləri ilə oldu.
Əvvəlcə söz şəhidimizin həyat yoldaşı Güllü Mirzəyevaya verildi. O qeyd etdi ki, İlqar Mirzəyevin artilleriya rəisi kimi ali vəzifəyə gətirən ilk növbədə, bildirib ki, yüksək insanlığı idi, yorulmazlığı, ləyaqəti, daim xalqı ilə ilə bir yerdə olması və hərbçi kimi peşəkarlığı bu gün də dillər əzbəridir. Heç kimi incitməzdi. Deyirdi, insandır, bəlkə şərait imkan verməyib ki, özünü yaxşı cəhətdən sübut etsin. İndiyədək əsgərlərinin valideynləri, iş yoldaşları, maşınını təmir edən usta bizimlə əlaqə saxlayır, polkovniklə bağlı xatirələrini bölüşürlər.
Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik İlqar Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Güllü Mirzəyevə Milli Məclis seçkilərində Zahid Oruca uğur arzulayıb, namizəd olaraq Zahid Orucun şəhidlərə, şəhid ailələrinə, qazilərə göstərdiyi diqqəti təqdirəlayiq hesab edib. Zahid Oruc seçkinin necə nəticələnməyindən asılı olmayaraq, Xətai 33 saylı birinci seçki dairəsində yaşayan şəhid ailələri ilə daim ünsiyyət saxlayacağını vurğulayıb.
O qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərində Ali Baş Komandanın rəhbərliyi altında ilk dəfə Ağdərənin Talış istiqamətindən Ohanyan xəttini yaran və onlarla postu götürən, düşmənin mifini qıran igidlərdən biri də İlqar Mirzəyev olub. Daha sonra 44 günlük Zəfər savaşımızın müqəddiməsi sayılan ermənilərin 12 iyulda törətdikləri Tovuz təxribatı zamanı Polad Həşimovla birgə İlqar Mirzəyev də qəhrəmanlıq və mətinlik nümayiş etdirdilər. Nəinki paytaxtda və yaxud onun çevrəsində, eləcə də birbaşa təmas xəttinə yaxın ərazilərdə şəhidlərimizin yüksək adına uyğun 100 minlərlə insanın həmrəylik törənlərini gördük. Tovuz bölgəsində siravi insanlarımızın, əlinin qabarı ilə düşmənə sinə gərmək istədiyini göstərməsi mühüm bir hadisə idi. Bu, yalnız daxildə güc yaratmır. Ölkəmiz əleyhinə olan müxtəlif xarici ssenarilərin də nəzərə aldığı bir faktordur. Zahid Oruc bildirdi ki, Aprel və Tovuz döyüşlərindəki uğurumuz 44 günlük Vətən Müharibəsində pik nöqtəyə çatdı.
Daha sonra bina sakinlərilə səmimi şəraitdə görüş keçirildi. Əvvəlcə namizədin vəkilləri tarixçi Əfqan Vəliyev, politoloq İlyas Hüseynov və politoloq, teleaparıcı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural İsmayılov Seçki Qərargahının hədəfləri və məqsədləri barədə seçiciləri məlumatlandırdı, insanların səsləndirdiyi problemlər qeydə alındı, hər birinin müraciətlərinin nəticəsini onlara bildirmək üçün sakinlərin əlaqə vasitələri qeyd edildi.
Zahid Oruc bildirdi ki, son bir ay ərzində Xətai 33 saylı birinci seçki dairəsində yaşayan vətəndaşlarla daim yaxın təmasdadır. O, səsləndirilən problemlərin aidiyyatı qurumlara yönəldiləcəyini vurğuladı. Bundan əvvəl keçirilən görüşlərdə səslənən bir çox məsələnin artıq həll edildiyini vurğuladı.
Namizəd Vətən müharibəsində parlaq qələbədən sonra Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə daha böyük nailiyyətlərin qazanılması üçün millətimizə təmənnasız və ləyaqətlə xidməti “Yeni Dövr”ün başlıca çağırışı adlandırdı. Zahid Orucun fəaliyyətini və Xətai ilə bağlı fikirlərini əks etdirən “Xüsusi Buraxılış” görüşə qatılanların hər birinə paylandı.
Çıxış edən sakinlər Xətai RİH-in təqdirəlayiq işlər gördüyünü vurğuladılar, eyni zamanda problemləri sadalayaraq Zahid Orucdan məsələlərin həll edilməsi ilə bağlı köməklik göstərməsini istədilər. Yaşadıqları küçənin işıqlandırılması problemindən, uşaqlar üçün oyun və əyləncə sahəsinin azlığından, suyun fasilələrlə verilməsindən narahatlıq ifadə edən sakinlər Zahid Oruca problemlərin həlli ilə bağlı göstərdiyi səylərə görə təşəkkür etdilər.
Sonda Zahid Oruc küçədəki binaların məhəllələrinə baş çəkərək, insanlarla səmimi söhbət etdi və onların fikirlərini dinlədi. Seçicilərlə görüşlər davam edir.















