Zahid Oruc şəhid ailəsini ziyarət edib seçicilərlə görüşdü
Zahid Oruc Lütfi Zadə 16 küçəsinin sakinləri ilə görüşdü, şəhid Nurəhməd Ulubəyovun ailəsini ziyarət etdi
1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı ərazi üzrə uğurla davam edir. Növbəti görüş Lütfi Zadə 16 küçəsinin sakinləri ilə oldu. Şəhidimiz Nurəhməd Ulubəyovun abidəsinin önündə gerçəkləşən görüşdə şəhidin yaxın qohumları, anası Tahirə Ulubəyova, məhəllədə yaşayan tibb işçiləri fəal şəkildə iştirak etdi.
Namizədin vəkilləri tarixçi Əfqan Vəliyev, politoloq İlyas Hüseynov və politoloq, teleaparıcı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural İsmayılov Seçki Qərargahının hədəfləri və məqsədləri barədə seçiciləri məlumatlandırdı, Zahid Orucun seçki dövrü üçün gördüyü işlər və planlarının yer aldığı “Xüsusi Buraxılış” görüş iştirakçılarına paylandı.
Zahid Oruc ötən illərdəki parlament üzvü kimi fəaliyyətindən bəhs edərək, təmsil etdiyi bölgənin həyatında baş verən köklü dəyişikliyin-100 mindən artıq köçkünün məskunlaşdığı bir bölgənin dövlət tərəfindən son 20 ildə quruculuğuna dair gerçək faktları səsləndirdi və bir xalq elçisi kimi hakimiyyət orqanları ilə vətəndaşlar arasında körpü olduğundan danışdı. Daha sonra Vətən müharibəsində Qələbə qazanan xalqın istənilən problemin öhdəsindən gələ biləcəyinə inamını ifadə etdi və hazırki qlobal təhlükələr fonunda Azərbaycanın sabit bir məkan kimi qorunmasında prezident İlham Əliyevin apardığı müdrik siyasətdən bəhs etdi. Müharibələrin coğrafiyasının genişləndiyi bir dövrdə iki silahlı savaşdan keçən bir dövlətin beynəlxalq və regional çəkisinin artdığını nəzərə alaraq, indi daha məsuliyyətli qərarların qəbul olunduğunu, ona görə də Milli Məclisinin mühüm çağırışlar qarşısında formalaşdığını hər bir namizədin başa düşməsinin vacibliyi vurğulandı.
Seçkilərin nəticələrindən asılı olmayaraq, ictimai fikri öyrərən bir qurumun rəhbəri kimi Xətai 33 saylı dairənin hər zaman diqqət mərkəzində saxlayacağını bildirən Zahid Oruc Lütfi Zadə 16 küçəsinin sakinlərinin qaldırdıqları məsələləri də qeyd edəcəklərini və əllərindən gələn bütün köməklikləri göstərəcəklərini vurğulayıb.
Artıq əvvəlki görüşlərdə səslənən bir sıra problemlərin həll edildiyini bildirən namizəd 1 sentyabrda aktiv iştiraka əmin olduğunu, seçicilərin etiamıdını qazanmaqdan şərəf duyacağını söylədi.
Namizəd Vətən müharibəsində parlaq qələbədən sonra Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə daha böyük nailiyyətlərin qazanılması üçün hər bir dövlət və hakimiyyət təmsilçisinin məsuliyyətlə çalışmasının labüdlüyünə toxundu. Şəhidlərimizin ruhu qarşısında hər zaman borclu olduğumuzu qeyd edən namizəd Xətai 33 saylı birinci seçki dairəsində şəhid ailələrinin hər zaman diqqətində olacağını xüsusi qeyd etdi.
Daha sonra şəhidimizin dayısı Ramiz Fərzəliyev qeyd etdi ki, 2001-2012-ci illərdə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə təhsil alıb. Elə həmin ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakultəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə həqiqi hərbi xidmətə yollanır. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinə könüllü qoşularaq torpaqlarımızın erməni işğalından azad olunmasında iştirak edib. Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində döyüşlərə qatılıb. Oktyabrın 7-də Füzuli rayonu Horadiz kəndi istiqamətində düşmən həmləsinin qarşısını alarkən həlak olub. 9 oktyabr 2020-ci ildə Bakıda II Fəxri Xiyabanda dəfn edilib.
Şəhidin anası Tahirə xanım bildirdi ki, Nurəhməd evin üçüncü uşağı, sonbeşiyi olub. Onunla böyük bacı, qardaşı arasında çox fərq var. Böyük oğlum universitetin birinci kursuna daxil olanda Nurəhməd birinci sinfə gedirdi. Ona atamın adını qoymuşdum. O, çox vətənpərvər uşaq idi. Orta məktəbi rus dilində bitirmişdi, bir dəfə Bodruma səyahətə gedəndə, orda bir ingilislə Qarabağ üstündə mübahisə etmişdi. Sonra gəlib bizə ingilisi sözlə məğlub etməsindən danışırdı. Aprel hadisələrində də hamı ilə birgə küçələrə çıxmışdı. Axşam vaxtı gördüm qapı açıldı, o, çiynində bayraqla içəri girdi. Onunla zarafatımız vardı. O, bizim övladımız yox, nəvəmiz kimi idi. Dedim, çiyninə o nədir sərmisən. Dedi, “bayrağımızdı, yaraşır?” Dedim, hə, gözəl yaraşır. Dedi ki, “papa, bu harasıdır hələ. Qarabağı alacağıq, onda bu bayrağı özümlə Qarabağa aparacam”. İndi həmin bayraq evdədi, saxlayıram. Nurəhməd şəhid olandan sonra həmin bayraq onun evdəki paltarlarının arasından çıxdı.
Daha sonra ərazidə yaşayan sakinlər Zahid Oruca ərazi ilə bağlı problemlərdən bəhs edib. Sakinlər görülən xeyli uğurlu işlərin olduğunu, amma bəzi nüansların da olduğunu bildirib. Rafael Həsənov su verilişində yaranan fasilələrdən narazılığını bildirərək namizəddən bu məsələyə diqqət yetirməsini istəyib. Elmira Kərimova həyətdə uşaqların sağlam böyüməsi üçün əyləncə guşələri və parkın salınması, idman meydançalarının yaradılmasına ehtiyac olduğunu bildirib. Xəlilov Tural isə lift problemindən bəhs edib və bu məsələdə yardım istəyib. Nəbiyev Vüsal Zahid Orucun Milli Məclisdəki çıxışalrını daim izlədiyini vurğulayaraq, onun uğurlu fəaliyyətini xətaililər üçün əzmkarlıqla davam etdirəcəyinə və daimi insanlarla səmimi görüşlər keçirəcəyinə əmin olduğunu qeyd etdi.
Sonda Zahid Oruc seçicilərlə foto çəkdirib və şəhidimizin evini ziyarət edib.
Zahid Orucun Seçki Qərargahı













