İyulun 9-da  Milli Məclisin  növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihənin birinci oxunuşda müzakirəsi zamanı səslənən fikirlərə münasibət bildirib, bəzi məsələlərə aydınlıq gətirib.

Layihədə “Media subyekti” anlayışı Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərini də əhatə etməsi məqsədilə genişləndirilib. Dəyişikliklərdə habelə xarici media subyektlərinin filial və nümayəndəliklərinin Azərbaycanda fəaliyyət qaydasının beynəlxalq müqavilələrlə tənzimlənməsi nəzərdə tutulur, ölkəmizdə fəaliyyət göstərəcək filial və nümayəndəliyin Dövlət Vergi Xidmətində (DVX) qeydiyyatdan keçdikdən sonra Media Reyestrinə daxil edilməsi üçün müraciət etməsi tələbi gətirilir. Bununla yanaşı, “xarici jurnalistlər” ifadəsi “xarici media nümayəndələri” ifadəsi ilə əvəzlənir.

Sənəddə, həmçinin saxta məlumatların dərci və yayımını qadağan edən norma müəyyən edilir.  Media Reyestrində olmayan, şantaj, böhtan xarakterli, qərəzli materiallar, saxta məlumatlar dərc edən qəzetlərin fəaliyyətinin qarşısının alınması məqsədilə onların nəşri və yayımı qadağan olunur. Media Reyestrində olmadan həyata keçirilən media fəaliyyətinin qanunsuzluğu birbaşa təsbit edilir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev təmsil etdiyi komitənin məsələyə dair müsbət rəyini səsləndirib.

Deputatlar Vüqar Bayramov, Aydın Mirzəzadə məsələ ilə bağlı fikir və qeydlərini açıqladıqdan sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.


media-728x90banner

Bənzər xəbərlər