media-zakir

Sumqayıtda tikinti narazılığı: sakinlər zərər və təhlükə iddiaları ilə çıxış edir

Sumqayıt şəhərində aparılan tikinti işləri yerli sakinlərin narazılığına səbəb olub. Koroğlu küçəsi, 196A ünvanında yaşayan vətəndaşın redaksiyaya təqdim etdiyi məlumata görə, yaşayış məntəqəsinin yaxınlığında inşa edilən çoxmərtəbəli obyekt ətraf mühitə və qonşu evlərə mənfi təsir göstərir.

XALQ-a daxil olan müraciətdə bildirilir ki, tikinti prosesinin davam etdiyi müddətdə bəzi evlərdə struktur problemlər yaranıb. Sakinlər iddia edir ki, binalarda çatlar əmələ gəlib və tikinti sahəsinə yaxın yerləşən evlər arasında aralanmalar müşahidə olunur. Onların sözlərinə görə, bu vəziyyət gündəlik yaşayış üçün risk yaradır.

Müraciətdə o da qeyd olunur ki, məsələ ilə bağlı tikintiyə cavabdeh şəxslərlə əlaqə saxlamağa cəhd edilsə də, konkret nəticə əldə olunmayıb. Sakinlərin iddiasına görə, əvvəlcə problemi həll edəcəklərinə dair vəd verilsə də, sonradan müraciətlər cavabsız qalıb.

Şikayətçilər bildirir ki, vəziyyətlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti-nə də müraciət olunub. Lakin onların sözlərinə görə, indiyədək hər hansı praktik addım atılmayıb. Qeyd edək ki, ərazidə aparılan tikintiyə görə bir neçə evdə qəzalı vəziyyətə düşüb.

Məlumat üçün qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında bu tikinti ilə bağlı qeyd yoxdur.

Ərazidə yaşayan vətəndaşlar yaranmış vəziyyətin diqqətdə saxlanılmasını və aidiyyəti qurumların məsələyə operativ reaksiya verməsini istəyirlər. Onlar hesab edir ki, problemin vaxtında araşdırılmaması daha ciddi nəticələrə gətirib çıxara bilər.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. Mövzu ilə bağlı rəsmi açıqlama daxil olduğu təqdirdə, əlavə məlumat veriləcək.

 

media-57 media-58


media-728x90banner

Bənzər xəbərlər