media-zaurr

Azərbaycanda dövlət qurumlarının sosial şəbəkələrdə fəaliyyəti artıq təkcə məlumat yaymaq funksiyası daşımır. “Facebook”, “Instagram”, “X” və “Telegram” platformaları illərdir vətəndaşların problemlərini birbaşa çatdırdığı, operativ cavab gözlədiyi əsas kommunikasiya vasitəsinə çevrilib. Dövlət qurumlarına da məhz bu məqsədlə – ictimaiyyətə açıq olmaq, şəffaflığı təmin etmək və vətəndaşı dinləmək öhdəliyi qoyulub. 

Lakin görünür, bəzi qurumlar üçün sosial şəbəkə “ictimai dialoq platforması” yox, sadəcə birtərəfli təbliğat vitrini kimi qəbul edilir. Bunun ən bariz nümunələrindən biri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin – ADSEA-nın fəaliyyəti ilə bağlı ortaya çıxıb.

 

Bizimesr.com bildirir ki, bir müddətdir ADSEA-nın “Facebook” səhifəsində şərh bölməsi bağlanıb. Bu səhifə – (https://www.facebook.com/adsea.gov.az) indi yalnız onların özlərinin yazması və oxumasına xidmət edir.

Çünki su, kanalizasiya və drenaj problemlərindən əziyyət çəkən minlərlə insanın səsini çatdırmaq üçün istifadə etdiyi yeganə açıq platformalardan biri məhz sosial şəbəkələr idi. İndi isə vətəndaşın danışmaq, dərdini demək hüququ belə əlindən alınıb.

Maraqlıdır, ADSEA-nın sosial şəbəkə hesabları kim üçündür? Əgər vətəndaş problemini yaza bilməyəcəksə, narazılığını bildirə bilməyəcəksə, o zaman həmin səhifələr hansı məqsədə xidmət edir?  Hələ Bakıda və Sumqayıtda yaşanan fəlakətli vəziyyət hökm sürürsə…

2026-cı ildə yağan güclü yağışlar paytaxtın infrastruktur problemini bütün çılpaqlığı ilə ortaya qoydu. Bakı, Sumqayıt və ətraf qəsəbələr demək olar ki, hər yağışdan sonra su altında qalır. Küçələr çaya çevrilir, avtomobillər batır, yaşayış massivlərinə kanalizasiya suları dolur, insanlar saatlarla yollarda qalır.

Son belə hadisə cəmi bir gün əvvəl baş verdi. Paytaxtın müxtəlif ərazilərində kanalizasiya və drenaj sisteminin işləməməsi səbəbindən ciddi problemlər yarandı. Sosial şəbəkələrdə yayılan görüntülər vəziyyətin miqyasını açıq göstərirdi. Ancaq bütün bunların fonunda diqqət çəkən əsas məqamlardan biri ADSEA rəhbəri Zaur Mikayılovun nümayiş etdirdiyi laqeyd münasibətin şahidiyik… Əvvəlki günlərlə müqayisədə bu dəfə Agentlik rəhbəri Zaur Mikayılovun nə ciddi narahatlığı hiss olundu, nə də ictimaiyyət qarşısında məsuliyyətli açıqlamaları. Əksinə, yaranan mənzərə sanki “belə də olmalıdır” prinsipi ilə qəbul edildi. Halbuki söhbət sadəcə yağışdan yox, illərlə həll olunmayan və milyonlarla insanın həyatına təsir edən sistem problemindən gedir.

Apardığımız araşdırmalar zamanı əldə olunan məlumatlara görə, ADSEA-nın sosial şəbəkələrində şərh bölmələrinin bağlanması ilə bağlı göstəriş Agentliyin Aparat rəhbəri Fuad Quliyev tərəfindən verilib. Məlumata görə, qurum daxilində əsas idarəçilik və nəzarət mexanizmlərini məhz Fuad Quliyev həyata keçirir.  Fuad Quliyev ADSEA sədri Zaur Mikayılovun qudasıdır və…

Bu fakt isə qurumda idarəetmənin hansı prinsiplərlə həyata keçirilməsini tam çılpaqlığı ilə ortaya sərir. ADSEA dövlət qurumu olmaqdan çıxaraq, qudaların obyekti statusuna keçir…

Narazılıq doğuran digər məsələ isə ADSEA rəhbərinin bölgələrdə keçirdiyi “vətəndaş qəbulları” ilə bağlıdır. Yerli sakinlərin məlumatına görə, bu görüşlərdə əsl problemlərlə yaşayan insanların rəhbərliyə çıxışı demək olar ki, mümkün olmur. Əvəzində əvvəlcədən seçilmiş şəxslər görüşlərə gətirilir, onlar da vəziyyətin “normal” olduğunu deyərək rəhbərliyə təriflər yağdırırlar. Son belə görüş ADSEA sədri Zaur Mikayılovun Naftalan şəhərində vətəndaş qəbulu zamanı yaşanıb. Real problemlərlə üzləşən vətəndaşlara “vaxt azdır”, “sonra baxarıq”, “müraciət edin” kimi formal cavablar verilib. Görüşə isə bir neçə şəxs buraxılıb, onlar da Zaur müəllimi tərifləyib gediblər. Qurum da görüş barədə 3-4 şəkildən ibarət bir status paylaşaraq, işini bitmiş hesdab edib. Zatən narazılar yaza bilməyəcək, çünki, şəhr bölməsi bağlıdır.

Əslində məsələ təkcə Facebook şərhlərinin bağlanması deyil. Problem daha dərindir. Problem ondadır ki, vətəndaşın tənqidinə açıq olmayan qurum zamanla özünü cəmiyyətdən təcrid edir. Tənqid eşitmək istəməyən idarəçilik isə problemləri həll etmək əvəzinə onları gizlətməyə çalışır. Amma Zaur Mikayılov Bakı küçələrini basan suyu gizlədə bilmir.

İnsanların evinə dolan kanalizasiya sularını, yağışdan sonra iflic olan yolları, işləməyən drenaj sistemini “şərh bölməsini bağlamaqla” aradan qaldırmaq olmur. Əksinə, bu addımlar cəmiyyətdə “ADSEA artıq vətəndaş üçün yox, müəyyən qrupların maraqları üçün idarə olunur” fikrini daha da gücləndirir. Çünki vətəndaşın danışmasına imkan verməyən qurumun əsas problemi çox vaxt elə danışılacaq həqiqətlərin özü olur.Bizimesr.com


media-728x90banner

Bənzər xəbərlər