Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsindəki Qələbəsi tariximizin ən qürurlu səhifəsidir. Torpaqlarımızın işğaldan azad edilməsi həm siyasi, həm də iqtisadi cəhətdən Azərbaycanın inkişafına geniş yol açıb.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. “Məsələyə iqtisadi kontekstdə yanaşdıqda qeyd etmək lazımdır ki, 155 min hektar əkinə yararlı torpaq sahəsi azad olundu və hazırda bu torpaqlar kənd təsərrüfatının inkişafı üçün istifadə edilir. Bu da Qarabağın Azərbaycanın iqtisadi rayonu kimi inkişafına, əhalinin məşğulluğuna, sosial vəziyyətinin yaxşılaşmasına, iş yerlərinin yaranmasına və başqa istiqamətlərin irəliləməsinə böyük təkan verir. İllərlə məcburi köçkün vəziyyətində Bakıda və başqa şəhərlərdə yaşan insanlar artıq öz doğma yurdlarına qayıdırlar, məskunlaşırlar, ərazi bütövlüyümüzün təmin olunmasını reallaşdırırlar. 2022-ci ilin iyulunda Zəngilan rayonunun Ağalı kəndinə başlanan qayıdış hazırda beş şəhərin – Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayılın, 4 kəndin – Ağalı, Talış, Zabux və Susun sakinlərinə qovuşması ilə Böyük qayıdış davam edir. 2024-cü ildə 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərlərinə, Laçın rayonunun Zabux və Sus kəndlərinə, Xocalı rayonunun Ballıca kəndinə köçürüldü. Hazırda sosial obyektlərin-uşaq bağçaları, məktəblərin, xəstəxanaların, yolların, tikintisi davam edir. Füzulu Beynəlxalq Hava Limanı artıq xarici dövlətlərdən gələn iri həcmli təyyarələri qəbul edir. Bütün bunlar Qarabağ ilə yanaşı Azərbaycanın iqtisadi inkişafının təməlini təşkil edir. Xarici şirkətlər artıq Qarabağda yaşıl enerji istehsalı üçün sərmayə yatırırlar. Müasir dünyanın çağırışlarına cavab verən Qarabağ yaxın illərdə Avropanın enerji mənbəyinə çevriləcək”, – deyə o bildirib.

Qarabağın azad olunmasının siyasi aspektinə nəzərə salan deputat qeyd edib ki, Azərbaycan regionda yeni reallıqlar yaratdı. Prezident İlham Əliyevin avqustun 8-də ABŞ-a dəvət olunaraq Prezident Donald Trampın iştirakı ilə Ermənistanla sənəd imzalaması təsadüfi deyildi. ABŞ regiona maraq göstərərək Azərbaycanla yaxından əməkdaşlıq əlaqələri qurmaq niyyətindədir. Zəngəzur dəhlizi layihəsi Amerikanın Mərkəzi Asiya ilə əlaqələrinin artmasına böyük dəstək olacaq. Azərbaycanın Asiya ilə Avropa arasında ticarət yollarının qovşağı olması dünya dövlətlərinin marağını özünə cəlb edib. Bu maraq təsadüfi yerə yaranmayıb. Ölkə Prezidentinin rəhbərliyi ilə geniş infrastruktur layihələr həyata keçirilib. Bu infrastrukturdan da istifadə olunaraq ölkəmizin ərazisindən tranzit yükdaşımalar həyata keçirilir. Buna görə də, həm Asiya, həm də Avropa dövlətləri Azərbaycanda siyasi sabitliyin dayanıqlı olmasında həmişə maraqlı olacaqlar ki, ticarət əlaqələri kəsilməsin.

“Qarabağın işğaldan azad olunmasının Azərbaycana verdiyi üstünlüklər onun siyasi inkişafını, beynəlxalq nüfuzunu, qlobal siyasi proseslərdə milli maraqlarının nəzərə alınmasını, regionda söz sahibi olmasını təmin edib. Bütün bunlar da Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasətin nəticəsidir. Bu baxımdan 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin unudulmaz səhifəsini təşkil edir”, – deyə A.Hüseynov fikrini yekunlaşdırıb.


media-728x90banner

Bənzər xəbərlər