Zəfər, tərəqqi və mənəvi ucalıq yolu!
24 dekabr tarixində müasir Azərbaycan dövlətinin memarı, qətiyyətli siyasi iradəsi və uzaqgörən strategiyası ilə ölkəmizi yeni zirvələrə daşıyan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə siyasi sabitliyin möhkəmləndirilməsi, güclü iqtisadiyyatın qurulması, enerji və nəqliyyat layihələrinin reallaşdırılması, sosial rifahın yüksəldilməsi, ordu quruculuğu və ərazi bütövlüyümüzün tam bərpası kimi taleyüklü sahələrdə tarixi nailiyyətlərə imza atmışdır. Dövlət idarəçiliyində formalaşan bu möhkəm təməl Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, ölkəmizi regionun lider dövlətinə çevirmişdir. Məhz bu güclü və dayanıqlı inkişaf xətti üzərində Prezident İlham Əliyev mədəniyyət və incəsənəti də strateji prioritet səviyyəsinə yüksəltmişdir.
Bu siyasətin nəticəsi olaraq milli-mənəvi irsimizin qorunması və inkişafı dövlətçilik fəlsəfəsinin mühüm tərkib hissəsinə çevrilmişdir. Tarixi abidələrin bərpası, muzeylərin, teatrların, konsert zallarının yenidən qurulması, mədəniyyət ocaqlarının müasir standartlara uyğunlaşdırılması Azərbaycan mədəniyyətinin yeni dirçəliş mərhələsini formalaşdırmışdır. Klassik irslə müasir incəsənətin vəhdəti təşviq olunur, yaradıcı azadlıq və estetik düşüncə dövlət tərəfindən qorunan dəyər kimi qəbul edilir. Muğam, aşıq sənəti, xalçaçılıq, təsviri sənət və digər milli irs nümunələrinin UNESCO çərçivəsində beynəlxalq səviyyədə tanıdılması Azərbaycan mədəniyyətinin bəşəri dəyərlər xəzinəsində layiqli yer tutduğunu təsdiqləyir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq festivallar, sərgilər, mədəni forumlar Azərbaycanı sivilizasiyalararası dialoqun mühüm mərkəzlərindən birinə çevirir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda mədəni həyatın bərpası, tarixi-mədəni abidələrin yenidən dirçəldilməsi, muğamın səsləndiyi məkanların, sənətin nəfəs aldığı mühitin yenidən formalaşdırılması bu torpaqlara ruhun və yaddaşın qayıdışını simvolizə edir. Bu yanaşma təkcə keçmişə ehtiram deyil, gələcək nəsillərə ünvanlanan mədəni məsuliyyət, milli kimliyin əbədiliyinə verilən strateji təminatdır.
Bu əlamətdar gün münasibətilə möhtərəm cənab Prezident İlham Əliyevi səmimi-qəlbdən təbrik edir, Ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinin qüdrətinin, milli mədəniyyətimizin isə əbədi yüksəlişinin təmin olunması naminə həyata keçirdiyi şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Qoy bu yol daim Zəfər, tərəqqi və mənəvi ucalıq yolu olsun.
Ülviyyə Həməzyeva
Millət vəkili











