Zəfərdən sonrakı Azərbaycan: yeni dövrün strateji hədəfləri
“İndi əsas məsələ əldə edilmiş tarixi nəticələrin davamlılığını təmin etmək, hərbi-siyasi qələbəni uzunmüddətli inkişafın, regional sabitliyin və ictimai rifahın möhkəm təməlinə çevirməkdir”.
Bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, təxminən 30 il ərzində ərazi bütövlüyünün bərpası Azərbaycanın daxili və xarici siyasətinin başlıca məqsədi olub. Onun sözlərinə görə, 2020-ci ildə qazanılan Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası ölkənin qarşısında yeni imkanlar açıb.
Fətəliyeva qeyd edib ki, 2023-cü il sentyabrın 19–20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində konstitusiya quruluşu bərpa olunub. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə və digər azad edilmiş yaşayış məntəqələrində Dövlət Bayrağını ucaltması, deputatın fikrincə, bu mərhələnin ən mühüm hadisələrindən biri olub.
Deputatın sözlərinə görə, Zəfərdən sonra Azərbaycanın xarici siyasət gündəliyində regional əməkdaşlıq, enerji təhlükəsizliyi və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin inkişafı daha çox yer tutmağa başlayıb. Ermənistanla sülh prosesində isə Bakı ilə İrəvan arasında birbaşa dialoq ön plana çıxıb.
“2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətninin paraflanması bu istiqamətdə mühüm siyasi mərhələ oldu. Sülhün dayanıqlılığı dövlətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsindən, qarşılıqlı etimadın formalaşmasından və əldə olunan razılaşmaların həyata keçirilməsindən asılıdır”, – deyə Fətəliyeva bildirib.
Onun fikrincə, Orta Dəhlizin inkişafı, yeni nəqliyyat bağlantılarının yaradılması və enerji əməkdaşlığının genişləndirilməsi Cənubi Qafqazda sabitliyi möhkəmləndirə bilər. Deputat hesab edir ki, iqtisadi əməkdaşlıq bütün tərəflər üçün real fayda yaratdıqda uzunmüddətli sülh üçün də zəmin yaranır.
Fətəliyeva Qarabağ və Şərqi Zəngəzurun bərpasını Zəfərdən sonrakı dövrün əsas vəzifələrindən biri adlandırıb. O vurğulayıb ki, Böyük Qayıdışın davamlı olması üçün yeni yaşayış məntəqələri ilə yanaşı, iş yerləri açılmalı, müasir təhsil və səhiyyə xidmətləri təmin edilməlidir. Deputat bu bölgələrdə yaşıl energetikanın, müasir texnologiyaların və yeni iqtisadi fəaliyyət sahələrinin inkişafı üçün imkanların olduğunu da qeyd edib.
“Bizim nəsil üçün torpaqlarımızın azad edilməsi tarixi məqsəd idi. Bu gün böyüyən gənclər üçün isə həmin azadlıq artıq mövcud reallıqdır. Onların əsas vəzifəsi bu reallığı qorumaq, daha da möhkəmləndirmək və Azərbaycanın inkişafında yeni nailiyyətlər əldə etmək olacaq”, – deyə deputat bildirib.
Fətəliyeva təhsilin keyfiyyətini, elmi inkişafı və texnoloji imkanları milli təhlükəsizliyin mühüm amilləri kimi qiymətləndirib. Onun sözlərinə görə, yeni mərhələdə başlıca vəzifə Zəfərin yaratdığı imkanları gələcək nəsillərin rifahına xidmət edən davamlı inkişafa çevirməkdir.










