20 oktyabr Azərbaycan xalqının yaddaşına əbədi Qələbə günü kimi həkk olunub. Bu tarix 2020-ci ildə Vətən müharibəsi zamanı qəhrəman Azərbaycan Ordusunun işğal altında olan Zəngilan şəhərini azad etdiyi gündür. Bu zəfər təkcə bir şəhərin deyil, bütöv bir bölgənin azadlığına aparan yolun mühüm mərhələsi oldu.

Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Nəticədə minlərlə sakin doğma yurdlarından didərgin düşdü, rayonun maddi-mədəni irsi dağıdıldı, təbiəti talan edildi. Lakin xalqımız heç vaxt bu itkini qəbul etmədi və illərlə doğma torpaqlarına qayıdacağı günün həsrətini yaşadı.

Nəhayət, 2020-ci il oktyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq və igidlik göstərərək Zəngilan şəhərini və bir sıra kəndləri düşməndən azad etdi. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində böyük qürurla elan etdi: “Bu gün Azərbaycan Ordusu Zəngilan şəhərini azad etmişdir. Zəngilan bizimdir, Qarabağ Azərbaycandır!”

Zəngilanın azad olunması Vətən müharibəsində strateji dönüş nöqtələrindən biri idi. Rayonun coğrafi mövqeyi Ermənistanla sərhəddə yerləşdiyindən, onun azadlığı Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində əməliyyatların uğurla davam etdirilməsinə şərait yaratdı. Bununla da Azərbaycan Ordusu Qarabağın cənub hissəsində tam üstünlüyə nail oldu və Ermənistan ordusunun müdafiə xətti sarsıldı.

Bu gün Zəngilan azadlıqdan sonra tamamilə yeni həyat yaşayır. “Böyük Qayıdış” proqramı çərçivəsində rayonun bərpası və yenidən qurulması sürətlə davam edir. Qısa müddətdə Zəngilan şəhərinin Baş planı təsdiqlənmiş, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında müasir infrastruktur qurulmuşdur.

Rayon ərazisində Ağalı kəndi “ağıllı kənd” modeli kimi bütün dünyaya nümunə göstərilir. Burada artıq həyat bərpa olunub, sakinlər öz doğma yurdlarına qayıdıblar. Yeni məktəblər, səhiyyə müəssisələri, yollar, enerji və rabitə xətləri salınır, Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib.

Zəngilan təkcə tarixi və strateji deyil, həm də ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlətin məqsədi bu rayonu “yaşıl enerji” zonasına çevirməkdir. Oxçuçay boyunca aparılan bərpa işləri, meşələrin qorunması, bərpa olunan enerji layihələri Zəngilanı gələcəyin ekoloji cənnətinə çevirir.

20 oktyabr bu gün Zəngilan Günü kimi qeyd olunur və hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizin şücaətini xatırlayırıq. Onların qəhrəmanlığı sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən azad oldu.

Zəngilanın azad olunması tarixi ədalətin bərpası, dövlətimizin gücünün və xalqımızın birliyinin təntənəsidir. Bu zəfər Azərbaycan xalqının sarsılmaz iradəsinin, Vətən sevgisinin və müstəqil dövlətçiliyimizin əbədi rəmzidir.

Əminə Ağazadə

Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər