2040-cı ilədək hər bir vətəndaşın mənzili olacaq
2040-cı ilədək hər bir vətəndaşın müasir standartlara uyğun, keyfiyyətli və əlçatan mənzillə təmin olunması Belarusun əsas hədəflərindən biridir.
Bu fikirləri Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlər Sammitində səsləndirib.
O bildirib ki, Belarus qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan sülhpərvər xarici siyasət yürüdür və bu əməkdaşlıq şəhərsalma ilə infrastruktur quruculuğunu da əhatə edir:
“Belarus insan inkişafı sahəsində öz təcrübəsini bölüşməyə hazırdır və ölkə Ümumdünya Şəhərsalma Forumunda qəbul edilmiş Yeni Şəhər Gündəliyini rəhbər tutur”.
İqor Sergeyenko xatırladıb ki, 2025-ci ildə Belarusun 2040-cı ilədək Milli Dayanıqlı İnkişaf Strategiyası qəbul olunub və burada əsas istiqamətlərdən biri mənzil tikintisidir.
Onun sözlərinə görə, gələcək enerji qənaət edən texnologiyalara, bərpaolunan enerji mənbələrinin geniş istifadəsinə və ekoloji təmiz tikinti sistemlərinə məxsusdur:
“Biz adi tikililərdən ağıllı yaşayış məhəllələrinə keçid edirik. Belarus enerji səmərəli evlərin düşünülmüş ictimai məkanlarla birgə mövcud olduğu dayanıqlı şəhər konsepsiyasını fəal şəkildə inkişaf etdirir”, – deyə o vurğulayıb.
Sədr onu da əlavə edib ki, ölkədə mənzil probleminin həllində effektiv üsullardan biri vətəndaşlara kirayə mənzillərin təqdim olunmasıdır. Bununla yanaşı, peyk şəhərlərdə mənzil tikintisinin artırılmasına və landşaft tipli yaşayış məskənlərinin inkişafına xüsusi diqqət yetirilir.










