Deputat Şəhid anası ilə görüşdü
Milli Məclisin deputatı Razi Nurullayev Şəhid anasını xəstəxanada ziyarət etdi. XALQ.AZ xəbər verir ki,Şəhid Əli Quliyevin anasını xəstəxanada – Ağciyər xəstəlikləri institutunda ziyarət edib və sağlamlıq durumu ilə maraqlanım. Almaz xanım indi şükür Allaha yaxşılaşır. Sonra ürək ilə əlaqədar başqa xəstəxanaya köçürüləcək və qayğını əskik etməyəcəyik deyə deputat qeyd edib.
—————
Şəhid Əli Tədbir oğlu Quliyev 1984-cü il sentyabrın 9-da İmişli rayonunun Otuziki kəndində anadan olub.
Ömrünün tən yarısını, yəni 18 ilini Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Onun həyatda ən böyük amalı illərlə düşmən tapdağında qalmış Qarabağı azad etmək olub.
O hələ 2016-cı ilin aprel döyüşlərində özündən, hünərindən söz açdırmağı bacarıb. Belə ki, dörd günlük müharibədə gizir Əli Quliyev ermənilərə əməlli-başlı dağ çəkib. Döyüşlər zamanı igidliyinə görə fərqlənənlərdən biri olub.
Sentyabrın 27-dən Vətən Müharibəsinin ön cərgələrində yer alan Əli bacarıqlı və təcrübəli snayper kimi düşmənin xeyli canlı qüvvəsini məhv edib. Cəbrayıl, Xocavənd, Hadrut uğrunda gedən döyüşlərdə fəallıq göstərərək, torpaqlarımızın işğaldan azad olunmasında birbaşa iştirakçı olub. Hətta döyüşlərin birində ayağından ağır yaralansa da, döyüş meydanını tərk etməyib.
Şəhid olacağını hiss edən Əli ömrünün son günlərində valideynlərinə zəng vuraraq, halallıq istəyirmiş. O, oktyabrın 26-dan 27-ə keçən Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidimizdən iki oğul yadigar qalıb.
Əli Quliyev ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.











