Ağstafada “Konstitusiya və onun mütərəqqi əhəmiyyəti” mövzusunda ümumrayon tədbiri ilə qeyd olunub
12 Noyabr – müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 30-cu ildönümü münasibəti ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən ümumrayon tədbirində RİH başçısı Seymur Orucov, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ümumrayon tədbirini giriş sözü ilə açan RİH başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul olunmuş Konstitusiya müasir müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. Bu Konstitusiya dövlətin və xalqın milli maraqlarını, həmçinin ölkəmizin özünəməxsus xüsusiyyətlərini özündə əks etdirməklə, dövrün çağırışlarına və tələblərinə tam cavab verən mükəmməl sənəd olaraq qəbul edildi. Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qazanılan Zəfərimizin 5-ci ildönümü münasibəti ilə Prezident İlham Əliyevin ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nin elan etdiyi 2025-ci il də Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılan möhtəşəm nəaliyyətlər və qələbələrlə həkk olundu.
Digər natiqlər, rayon ziyalısı, əməkdar müəllim İndira Vəliyeva, Bakı Dövlət Universitetinin Qazax filialının dekan müavini Mübariz Süleymanov və ağstafalı mədəniyyət işçisi Oruc Mansurov mövzuya dair geniş məruzələrlə çıxış ediblər.














