featured-image-7047

 

07

Ağstafa şəhərindəki 20 Yanvar küçəsi əsaslı təmirdən sonra istifadəyə verilmişdir

 

Azərbaycan Respublikası Prezidentinin “Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 9 iyul tarixli Sərəncamına uyğun olaraq Ağstafa şəhərində 20 Yanvar, Hüseyn Arif, Cəfər Cabbarlı, Səməd Vurğun, Aslan Aslanov küçələri və Şıxəli Qurbanov küçəsinin bir hissəsi tamamilə yenidən qurulmuşdur.
AzərTAc xəbər verir ki, oktyabrın 21-də Ağstafa şəhərindəki 20 Yanvar küçəsi yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər son vaxtlar rayonda görülən abadlıq və quruculuq işlərindən danışmışlar. Qeyd edilmişdir ki, küçələrin yenidən qurulması zamanı 5000 kvadratmetr sahəyə döşəmə daşı ilə səki salınmış, 4200 poqonmetr bordür qoyulmuş, 1000 kvadratmetr suvaq işləri görülmüş, 4000 kvadratmetr rəngləmə işləri aparılmış, 100-ə yaxın müasir tipli işıq dirəkləri quraşdırılmış, 22 700 kvadratmetr asfalt-beton örtüyü salınmış, yaşayış evlərinin darvazaları milli üslubda taxta darvazalarla əvəz olunmuşdur.
Həmin küçələrdə 10000 kvadratmetr sahəyə yaşıllıq salınmış və dekorativ ağaclar əkilmiş, 6 çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, fasadları yenilənmişdir. İki ədəd beşmərtəbəli çoxmənzilli yaşayış binalarının isə pilləkənləri tamamilə yenidən təmir olunmuş, yeni giriş qapıları quraşdırılmış, binaların həyətləri abadlaşdırılmışdır.
Hüseyn Arif küçəsində 1,2 kilometr uzunluğunda dekorativ yaşıllıq piramidaları salınmışdır. 2 nömrəli uşaq bağçası-körpələr evi tamamilə yenidən qurulmuşdur.
Qeyd edilmişdir ki, yaxın günlərdə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Ağstafa şəhərində kommunal şəraiti olmayan evlərdə yaşayan aztəminatlı ailələr üçün Hüseyn Arif və Rafiq Alıcanov küçələrində inşa olunan 104 mənzildən ibarət müasir tipli yaşayış kompleksi istifadəyə veriləcəkdir. Həmin yaşayış kompleksi mərkəzləşdirilmiş istilik sistemi və müasir standartlara uyğun uşaq bağçası-körpələr evi ilə təmin olunacaqdır. Binalarda yaşayacaq ailələrin digər məişət problemlərinin yaxşılaşdırılması üçün bütün şərait yaradılır.
Mərasimdə çıxış edən şəhər sakinləri onlara yaradılan bu gözəl şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbir bayramsayağı bəzədilmiş 20 Yanvar küçəsi boyu rayon mədəniyyət şöbəsinin hazırladığı rəngarəng konsert proqramı ilə başa çatmışdır.


media-728x90banner

Bənzər xəbərlər