Anar Ələkbərov görüş keçirdi
Azərbaycana səfəri çərçivəsində Vatikan Dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabonenin başçılıq etdiyi arxeoloq və ekspertlərdən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşü olub.
XALQ.AZ xəbər verir ki, görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib, müxtəlif səviyyələrdə reallaşan qarşılıqlı səfərlərin, o cümlədən 2002-ci ildə Papa II İohann Pavelin, 2016-cı ildə Papa Fransiskin ölkəmizə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın isə Vatikana səfərlərinin həm ikitərəfli əlaqələr, həm də sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, imzalanan sənədlərin münasibətlərimizin genişlənməsinə töhfə verdiyi qeyd edilib.
Müzakirələr zamanı Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin fəaliyyətindən, formalaşmış səmərəli əməkdaşlıqdan, birgə layihələrin icrasından məmnunluq ifadə edilib, hazırda da müştərək layihələr üzərində işlərin uğurla davam etdirildiyi bildirilib. Vurğulanıb ki, Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin Fond tərəfindən bərpasının həyata keçirilməsi, mədəni irsin qorunması sahəsində işlərin görülməsi ikitərəfli münasibətlərin dərinləşməsinə töhfədir.
Paskal Yakabone görülən bütün işlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Dini etiqad və vicdan azadlığının tam təmin olunduğu, çoxlu sayda dini icmanın fəaliyyət göstərdiyi, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şəraitin təmin edildiyi Azərbaycanda digər dini icmalara olduğu kimi, katolik icmaya da göstərilən diqqət, ölkəmizdə kilsə və məbədlərin, o cümlədən katolik kilsələrin bərpası istiqamətində görülən işlər yüksək dəyərləndirilib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun gələcəkdə də Müqəddəs Taxt-Tacla əməkdaşlıq çərçivəsində yeni layihələrə açıq olduğunu diqqətə çatdırıb.
Görüşdə tarixi və mədəni əhəmiyyət daşıyan abidələrin bərpası istiqamətində təcrübə mübadiləsinin əhəmiyyətinə də nəzər salınıb.
Vatikan Dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabone hər 25 ildən bir Müqəddəs Taxt-Tacda keçirilən və növbəti mərasimin 2025-ci ilə təsadüf etdiyi Müqəddəs Yubiley İli ilə bağlı tədbirə Heydər Əliyev Fondunun da dəvətli olduğunu diqqətə çatdırıb.
Anar Ələkbərov görüş keçirdi
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Caosyü ilə görüşüb.
XALQ.AZ xəbər verir ki, cənab Caosyü təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Çin əlaqələrinin hazırda hər iki dövlət başçıları sayəsində bütün sahələrdə inkişaf etdiyini, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
O, Azərbayan və Çin dövlət başçılarının Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin son sammiti çərçivəsində görüşünün gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşməsi baxımından əhəmiyyətinə toxunub. İki ölkə arasındakı münasibətlərin genişlənməsində Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi hümanitar və mədəni layihələrin, həmçinin Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasındakı əməkdaşlığın və hər iki ölkə səfirliklərinin fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan nümayəndə heyətinin pandemiyadan sonra ÇXR-ə səfər edən ilk heyətlərdən olduğunu bildirən Ma Caösyü Azərbaycanın Çinin bütün təşəbbüslərinə daim müsbət reaksiya göstərdiyini, “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi töhfələri qeyd edib.
O, ələqələrin daha da genişlənməsi üçün bütün dövlət qurumları, qeyri-hökumət təşkilatları və özəl sektor arasında əlaqələrin qurulmasının əhəmiyyətindən danışıb. Nazir müavini ÇXR-in Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıraraq ölkəmizə sülh arzulayıb.
Anar Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası ilə münasibətlərə hər zaman önəm və dəstək verdiyini, ikitərəfli əlaqələrin inkişafına çalışdığını bildirib.
Azərbaycanın turizm potensialı, işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən digər bölgələrimizdəki layihələrdə Çin sərmayədarları və şirkətlər üçün imkanların mövcudluğu barədə məlumatlar verilib. Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi humanitar və mədəni layihələrin gələcəkdə də davam etdirəcəyini bildirən Anar Ələkbərov, dövlət qurumlarının da Çinlə əməkdaşlığa yüksək maraq göstərdiyini qeyd edib və Azərbaycan dövlətinin hər zaman “Vahid Çin” prinsipinə dəstək verdiyini vurğulayıb.



















