Bu gün Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib. İclasda gündəliyə daxil olan məsələdə Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş)  qanun layihəsi ilə bağlı məlumat verib. O, sənədin birinci oxunuşda müzakirələri zamanı qaldırılan məsələlərə cavab verildiyini deyib. Bildirilib ki, bununla yanaşı, parlament sədrinin tapşırığına uyğun olaraq, layihə ilə bağlı komitə üzvləri, ekspertlər, dövlət xidmətinin məsul əməkdaşları tərəfindən sosial şəbəkələrdə, mediada və televiziya kanallarında hərtərəfli şərhlər verilib. Komitə sədri qeyd edib ki, layihə Ali Baş Komandan Prezident İlham Əliyevin göstərişinə əsasən hərbi sahədə aparılan islahatların mühüm bir hissəsini təşkil edir.

Qanun layihəsi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması, habelə hərbi xidmətə çağırışla bağlı müvafiq müddəaların dəqiqləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə aidiyyəti dövlət orqanları arasında tibbi müayinənin nəticələrinin elektron əldə edilməsi, əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsinə dair müvafiq qərarın onların əyani formada tibbi müayinəsi aparılmadan çağırışçıya dair elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilməsi, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı müddəalar əks olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu komitələrin layihəyə dair müsbət rəy verdiklərini söyləyiblər.

Sənədlə bağlı müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Elçin Mirzəbəyli,  Aydın Hüseynov çıxış ediblər, öz fikirlərini açıqlayıblar.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.


media-728x90banner

Bənzər xəbərlər