Arzu Nağıyev: “Minalanmış ərazilər “Böyük qayıdış” prosesinə ciddi maneələr yaradır”
Oktyabrın 22-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
İclasda gündəliyə daxil olan məsələdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun tarixi qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prioritet məsələlərdən biridir. Komitə sədri minaların insanların həyat və sağlamlığı üçün təhlükə yaratdığını, torpaqlardan istifadəni əngəllədiyini və ümumilikdə Böyük qayıdış prosesinə ciddi maneələrdən biri olduğunu qeyd edib. O, müzakirəyə təqdim olunan qanun layihəsinin humanitar minatəmizləmə əməliyyatına aid olduğunu, onun hərbi əməliyyatlar başa çatdıqdan sonra mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirildiyini deyib.
Arzu Nağıyev diqqətə çatdırıb ki, qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. 3 fəsil, 14 maddədən ibarət olan qanun Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyən edir. Bildirilib ki, ümumi müddəaların təsbit edildiyi birinci fəsildə qanunda istifadə olunan əsas anlayışların mənası, qanunvericilik və bu qanunun tətbiq dairəsi müəyyən edilir. İkinci fəsildə mina əleyhinə fəaliyyətin təşkili və həyata keçirilməsi sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətinin subyektləri və bu fəaliyyətə dair tədbirlər, habelə təhlükəli ərazilərdə minatəmizləmə subyektləri və bununla bağlı tələblər öz əksini tapıb. Üçüncü fəsildə isə yekun müddəalar, o cümlədən minatəmizləyənlərin təminatları, mina əleyhinə fəaliyyətin maliyyələşdirilməsi, Qanunun pozulmasına görə məsuliyyətlə bağlı maddələr ehtiva olunur.
Çıxışlarda minatəmizləmə prosesinin mühüm əhəmiyyəti qeyd olunub, bu sahədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsinin vacibliyi vurğulanıb. Millət vəkilləri məsələ ilə bağlı bəzi qeyd və təkliflərini də nəzərə çatdırıblar. Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.










