İrəvandan Türkiyə ilə Azərbaycanın arasını vurmağa yönəlik ağılsız cəhd; Bakıdan reaksiyalar… 

Proseslərin gedişatından görünən budur ki, rəsmi İrəvan növbəti dəfə destruktiv mövqe sərgiləməkdə daha çox maraqlıdır və sülhü pozmaqdan ötrü fürsət gəzir. Hər halda, Ermənistan rəhbərliyinə aid şəxslərin vaxtaşırı ziddiyyətli açıqlamaları buna şübhə yeri qoymur.

Düzdür, Nikol Paşinyanın ardınca XİN başçısı Ararat Mirzoyan da Ermənistanın bir ay ərzində Azərbaycanla sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazır olduğunu iddia edib. Eyni zamanda Mirzoyan Türkiyə ilə sərhədlərin açılmasına da hazır olduqlarını vurğulayıb. Amma…

“Gələcəyi inşa edirik” adlı forumda Ermənistan Təhlükəsizlik Şurasının katibi Ermənistan-Türkiyə münasibətləri haqda danışıb. Qriqoryan deyib ki, İrəvan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə proseslərinə ayrı və fərqli istiqamətlər kimi baxır. “Biz hər iki prosesi müxtəlif istiqamətlərdə görürük. Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri var. Biz onların üzərində müxtəlif yollarla işləyirik. Bəli, bəzi əlaqə ola bilər. Ancaq bizim yanaşmamız belədir: iki mürəkkəb düstur həll etmək lazımdırsa və onları birləşdirsəniz, həll yolu tapmaq daha çətin olacaq. Buna görə də onları ayırmaq lazımdır. Bizim anlayışımız və yanaşmamız elədir ki, bizim iki fərqli istiqamətimiz var”, – Qriqoryan bildirib. Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Ermənistan diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılması ilə bağlı əldə edilmiş razılaşmanın həyata keçiriləcəyini gözləyir. O qeyd edib ki, Ermənistan irəli getmək üçün Türkiyədən hərəkət gözləyir. Qriqoryanın Türkiyənin sərhəd məsələsinin sülh prosesindən guya ayrı olduğunu iddia etməsi isə heç şübhəsiz Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq cəhdidir. Halbuki Türkiyə sərhədlərin açılması haqda bəyanatlarında sülh sazişinin imzalanmasını da önə çəkib. O da mümkündür ki, sərhəd açılarsa belə, bu, həm də Azərbaycanın razılığı ilə baş tutacaq. Beləliklə, Ermənistan sülhü pozmaq yolunda daha bir məkrli plana əl atır – Türkiyə ilə Azərbaycanın arasını vurmağa yönəlik ağılsız cəhd edir. Neçə vaxtdır Marqara sərhəd-keçid məntəqəsini təmir edərək Ankaradan cavab gözləyən Ermənistan hələ də anlamaq istəmir ki, Bakı və Ankara sərhədlərin açılmasına ortaq qərar verəcəklər və bu məsələni ayrıca həll etmək mümkün deyil. Analitiklərin mövzu ilə bağlı maraqlı təhlillərini almışıq.

 

 

Deputat, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev   açıqlamasında əvvəlcə bəzi xatırlatmalar etdi: “Unutmaq lazım deyil ki, Türkiyə-Ermənistan münasibətləri, o cümlədən sərhədlərin bağlanması, diplomatik münasibətlərin olmaması bilavasitə Qarabağla bağlı idi və bunu Türkiyə daim bəyan edib. Ermənistan beynəlxalq səviyyədə israrla qondarma “soyqırım” məsələsini gündəmdə saxlamağa çalışıb, Türkiyəyə qarşı hər zaman ərazi iddiasında olub. Bu gün dəyişən geosiyasi məsələlər çərçivəsində sülhün bərqərar olmasından danışmaq əvəzinə, yenə absurd bəyanatlar verən Ermənistan barışıqdan qaçmağa çalışır və hətta Türkiyə-Azərbaycan münasibətlərinə də xələl gətirməyə cəhd göstərir”. A.Nağıyev əmindir ki, bu mövqe daha çox Fransanın regionda apardığı siyasətin təzahürünə bənzəyir: “Yenə də müstəqil daxili və xarici siyasəti heç vaxt olmayan Ermənistan diktələrlə, daha çox vasitə kimi istifadə olunan dövlət kimi görünür. Təbii ki, hər bir dövlətin öz xarici siyasəti var və burada dostluqdan çox ümumi maraqlar üstün götürülür, lakin Azərbaycan-Türkiyə münasibətləri bu məsələlərdə istisnadır. Qeyd edək ki, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin sonuncu görüşü bu il fevralın sonunda Antalyada baş tutub. Uzun müddətdir ki, rəsmi görüş olmayıb, lakin Ermənistan və Türkiyə nümayəndələri arasında yeni görüşün olacağı barədə razılıq var. Məlum olduğu kimi, Ermənistan və Türkiyə arasında quru sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün açıq olmalıdır. Bu məsələ də hələ öz həllini tapmayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb. “Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər”, lakin “əvvəlki razılaşmaların icrasına” diqqəti artırıblar və buna paralel olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb və onu 19 iyulda səfərə dəvət edib. Türkiyədə belə bir görüş baş tutacaqmı? Bu görüşün baş tutması Fransanın Ermənistana “Ceaser” artilleriya sistemləri satması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin kəskin bəyanatından sonra Ermənistan-Azərbaycan münasibətlərində yaranmış vəziyyəti yumşaltmaq cəhdi kimi dəyərləndirilə bilər…” A.Nağıyev qeyd etdi ki, Ankara İrəvanla normallaşma prosesini İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması ilə əlaqələndirir: “Paşinyan buna mənfi reaksiya verir və hesab edir ki, bu məsələlər Ermənistan-Azərbaycan səlahiyyətlərinin müstəsna sahəsidir və Türkiyə-Ermənistan münasibətlərini Bakının iştirakı olmadan xüsusi formata keçirmək lazımdır. Təhlillər göstərir ki, bu məsələ iyulun əvvəlində Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti formatında görüşü zamanı da müzakirə olunacaq. Bir ciddi məsələ də ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətləri Qərbə doğru meyllilik, anti-Rusiya və anti-İran xarakterli hərəkətlər təəssüratı yarada bilər. Bu kontekstdə Ermənistan rəhbərliyi Türkiyə ilə münasibətlərini Qərb dünyasına, NATO strukturlarına inteqrasiya etmək və nəhayət, Türkiyə vasitəsilə Rusiya asılılığından azad olmaq məqsədilə Qərb ölkələri ilə yaxınlaşma şanslarından biri kimi görür…”


media-728x90banner

Bənzər xəbərlər