Aprelin 22-də  Milli Məclisin 2025-ci ilin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda gündəliyə daxil olan məsələdə Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev   qanun layihəsini təqdim edib.  O, “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in 12 fevral 2025-ci il tarixində Bakı şəhərində imzalandığını söyləyib. Qeyd edib ki, Saziş tərəflər arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq üçün hüquqi çərçivənin yaradılması məqsədinə xidmət edir.

Nəzərə çatdırılıb ki, 20 maddədən ibarət Sazişdə tərəflər arasında müdafiə və hərbi təhlükəsizlik, sülhə dəstək əməliyyatları, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi, hərbi təlim və təhsil, müdafiə sənayesi və texnologiyası və sair sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı müddəalar əks olunub. Sazişin həyata keçirilməsinə cavabdeh olan səlahiyyətli orqanlar kimi Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi, Somali Federativ Respublikası Hökuməti adından isə Somali Federativ Respublikasının Müdafiə Nazirliyi müəyyən olunur.

Bildirilib ki, Sazişin icrası zamanı tərəflər arasında mübadilə edilən məlumatlar onların dövlətlərinin qüvvədə olan milli qanunvericiliyinə uyğun olaraq mühafizə edilir və tərəflərdən heç biri digər tərəfin razılığı olmadan, bu Sazişə uyğun olaraq paylaşılan hər hansı məlumatı üçüncü tərəfə açıqlamır. Tərəflər milli təhlükəsizlik, milli maraqlar, ictimai asayiş və əhalinin sağlamlığının qorunması məqsədilə bu Sazişin tətbiqini tam və ya qismən dayandırmaq hüququnu özlərində saxlayırlar və bu qərar barədə diplomatik kanallar vasitəsilə bir-birlərini məlumatlandırmağa razılaşırlar. Tərəflərin qarşılıqlı razılığı əsasında Sazişə onun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında düzəlişlər edilə bilər.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov məsələ barədə bu komitənin rəyini diqqətə çatdırıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qlobal miqyasda nüfuzunun artması və Qoşulmama Hərəkatına uğurlu sədrliyi, habelə müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin haqq səsinin beynəlxalq miqyasda eşidilməsində əhəmiyyətli rolu, öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi digər ölkələrlə yanaşı, Afrika qitəsi dövlətlərinin də Azərbaycana marağını artırıb. Millət vəkili müzakirəyə çıxarılan Sazişin iki dövlət arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafında mühüm əhəmiyyətə malik olduğunu deyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.


media-728x90banner

Bənzər xəbərlər