“AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova barəsində araşdırma başlandı
İlyasova Ülviyyə Hüseynağa qızının qanunsuz tibbi fəaliyyət göstərməsi nəticəsində Əlibəyova Mila Sabir qızının səhhətinə zərər vurulması ilə bağlı vətəndaşın müraciəti üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılaraq cinayət işi başlanıb.
Yasamal rayon prokurorluğundan mia.az-a bildirilib ki, istintaqla, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz “liposaksiya-piysovurma, bədən şəkilləndirmə” cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Ülviyyə İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham elan edilib, həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat Yasamal rayon məhkəməsi tərəfindən təmin edilmədiyindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.