Fevralın 3-də  Milli Məclisin 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda gündəliyə daxil olan məsələdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib.

Qeyd olunub ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla digər yoxlamalar dayandırılmışdır. Təklif olunan dəyişiklikdə həmin müddətin 2026-cı il yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Deputatlar Rəşad Mahmudov və Göydəniz Qəhrəmanov bəzi fikir və qeydlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Spiker Sahibə Qafarova növbəti 2 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib.

Bildirilib ki, hazırda müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilir. Təklif olunan qanun layihəsinə əsasən bu səlahiyyətin Azərbaycan Respublikasının Baş Prokurorluğuna da verilməsi nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Həmçinin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, Qanunun 4-cü və 5-ci fəslinin müddəaları aviasiya hadisəsi zamanı axtarış və xilasetmə, aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, bu hadisələrin başvermə səbəbləri, araşdırılmasının nəticələri barədə hesabatın hazırlanması məsələlərini tənzimləyir. Aviasiya hadisələri və insidentlərinin müstəqil səlahiyyətə malik qurum tərəfindən araşdırılmasına dair Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbləri nəzərə alınaraq, qanunun 16-cı, 17-ci, 18-ci və 19-cu maddələrində nəzərdə tutulan bir sıra səlahiyyətlərin dəqiq  tənzimlənməsi təklif olunur. Habelə aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusunun müəyyən edilməsi məqsədilə qanuna yeni anlayışın əlavə edilməsi təklif edilir. Qeyd olunub ki, digər bir dəyişiklik “aerodrom istismarçısı” ilə bağlıdır. Hazırda aerodrom istismarçısı  anlayışı aerodromu istismar edən fiziki və ya hüquqi şəxslə məhdudlaşır, təklif olunan dəyişikliyə əsasən buraya dövlət orqanı da əlavə edilir.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.


media-728x90banner

Bənzər xəbərlər