Oktyabrın 8-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

İclasda bir sıra məsələlər və bəzi qanunlarında dəyişiklik edilməsi müzakirə olunub.

XALQ.AZ məlumat verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətə barədə məlumat verib.

Nəzərə çatdırılıb ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli Qanunla Vergi Məcəlləsinə edilmiş dəyişikliklə avtomobil nəqliyyatı vasitələri ilə yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin əldə edilən gəlirin məbləğindən asılı olmayaraq vergi öhdəliyinin sadələşdirilmiş qaydada yerinə yetirməsi ləğv edilmişdir. Artıq 1 yanvar 2024-cü il tarixindən etibarən “Fərqlənmə nişanı” yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən verginin ödənilməsini təsdiq edən sənəd hesab edilmir. Həmçinin, “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlara edilmiş dəyişiklikdən sonra  yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün “Fərqlənmə nişanı” sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısından çıxarılmışdır.

Komitə sədri bildirilib ki, qeyd olunanlarla əlaqədar təqdim edilmiş layihədə uyğunlaşma çərçivəsində bir sıra maddələrdə dəyişikliklər təklif edilir. Dəyişikliklərə əsasən, Vergi Məcəlləsinin 58.2-ci maddəsindən “Fərqlənmə nişanı”nın alınmamasına görə maliyyə sanksiyasının tətbiq edildiyi subyektlərin dairəsindən “yükdaşıma fəaliyyəti” çıxarılır. Məcəllənin 221.4.7-ci maddəsindən yükdaşıma ilə bağlı müddəalar çıxarılır.

Azər Əmiraslanov qeyd edib ki, Vergi Məcəlləsinə bundan əvvəl istinad olunan dəyişikliyə müvafiq olaraq “Sosial sığorta haqqında” Qanuna uyğunlaşma çərçivəsində dəyişikliklər edilir. Belə ki, yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin sosial sığorta haqqı üzrə yükü olduğu kimi saxlanılmaqla Qanuna yeni 14.5.7-ci maddə əlavə edilir, həmçinin bu şəxslərin digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən məcburi dövlət sosial sığorta haqqı dərəcəsinin fərqləndirilməsi üçün Qanunun 14.5.1-ci maddəsinə istisna verilir və bununla bağlı digər dəqiqləşdirici düzəlişlər edilir.  Habelə, “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 8 may 2020-ci il tarixli Qanunun keçid müddəasına əsasən Qanunun müvafiq maddələrinin 2026-cı il yanvarın 1-dək qüvvədə olması təsbit olunur.

“Tibbi sığorta haqqında”  Qanunun qüvvədə olan 15-11.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı vasitəsi ilə yükdaşıma fəaliyyəti ilə fərdi qaydada məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödənilirdi. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə müvafiq olaraq uyğunlaşma çərçivəsində Qanunun 15-11.4-cü maddəsindən hər iki halda  “və yük” sözləri çıxarılır. Bununla da, ölkə ərazisində fərdi qaydada  avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər digər sahibkarlıq subyektləri kimi icbari tibbi sığorta haqlarını hər ay üçün hesablayıb, bəyannamə təqdim etməklə ödəyəcəklər deyə vurğulayıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsindən bəhs edib. Bildirilib ki, sənəddə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddətinin (hazırda bu müddət 2025-ci il yanvarın 1-dək olan dövrü əhatə edir) uzadılması nəzərdə tutulur. Bununla da qeyd edilən enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarin 1-dən etibarən daha iki il qüvvədə olacaqdır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.


media-728x90banner

Bənzər xəbərlər