Azər Əmiraslanov:”Dövlətimizə, millətimizə, seçicilərimizə əzmkarlıqla və ləyaqətlə xidmət edəcəyəm”
Əziz və hörmətli seçicilər!
VII Çağırış Milli Məclisə növbədənkənar seçkilər prosesi və birlikdə apardığımız təşviqat kampaniyası arxada qalıb. Mərkəzi Seçki Komissiyasının və Konstitusiya Məhkəməsinin yekun qərarları ilə parlament seçkilərinin nəticələri artıq təsdiq edilib. Ölkə vətəndaşlarının iradəsi ilə formalaşan YENİ PARLAMENT dövlətimiz və xalqımız üçün xeyirli və uğurlu olsun!!!
2024-cü ilin sentyabrın 23-də VII Çağırış Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də iştirak edərək tarixi çıxış etdi, yeni dövrün əsas vəzifələri, millət vəkillərinin gələcək fəaliyyəti ilə bağlı dəyərli tövsiyələrini bildirdi.
İlk iclasda həm də parlamentin rəhbərliyi formalaşdırıldı və komitə sədrləri seçildi. Eyni zamanda digər həmkarlarım kimi mənə də böyük bir etimad göstərildi və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri seçildim.
Seçicilərim olaraq hər birinizə mənə göstərdiyiniz etimada və inama görə bir daha təşəkkür edirəm. Təşviqat dövründə böyük bir həvəslə bizimlə görüşə gələn və mənəvi dəstəyini əsirgəməyən şəhər sakinlərinə, əməksevər kənd əhalisinə, elin-obanın qayğıları ilə yaşayan rayon ziyalılarına, müdrik ağsaqqallarımıza, fəaliyyətini Ağstafa ilə bağlayan gənclərimizə minnətdarlığımı bildirirəm.
Üzümüzə qapılarını açan və bununla da bizə böyük şərəf verən qəhrəman şəhidlərimizin ailələri ilə, fədakar qazilərimizlə, şücaət göstərmiş müharibə veteranlarımızla səmimi və kövrək söhbətlərimizin, onlarla bağlı gerçək qəhrəmanlıq həkayələrinin hələ də təsiri altındayam.
Təşviqat dövründə 22 gün fasiləsiz olaraq mənimlə birgə addımlayan və mənə bələdçilik edən etibarlı dostlarıma – qərargahımızın üzvlərinə, seçki prosesində əməyi keçən və üzərimizdə haqqı olan hər bir kəsə xüsusi olaraq təşəkkürümü bildirirəm.
Məni doğmalıqla qarşılayan, yüksək dövlətçilik və ziyalı ruhu olan Ağstafa və ağstafalıları hələ də xoş təəssüratla xatırlayıram. Azərbaycana dahi şəxsiyyətlər bəxş etmiş qədim Qazax mahalının bu gözəl ruhlu və gözəl təbiətli bölgəsini – Ağstafanı millət vəkili olaraq Parlamentdə təmsil etdiyimə görə böyük şərəf və qürur hissi keçirirəm.
İlk gündən mənə isti münasibət göstərən Ağstafadan seçkidən sonra şükranlıq və minnətdarlıq hisləri ilə ayrıldım. İndi qarşıda bizi məsuliyyətli bir dövr gözləyir. Bundan sonra əsas vəzifəmiz dövlətimizə, millətimizə, seçicilərimizə əzmkarlıqla və ləyaqətlə xidmət etmək, göstərilən etimadı layiqincə doğrultmaqdır.
Azər Əmiraslanov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri










