Noyabrın 29-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

XALQ.AZ məlumat verir ki,  Milli Məclisin bu gün keçirilən iclasında gündəlik müzakirə olunub.

İclasda qanun layihələri müzakirəyə təqdim edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş)  qanun layihəsindən bəhs edib. O, sənədlə bağlı əlavə heç bir qeyd və təklif  olmadığından onun səsə qoyulmasını xahiş edib.

Layihə bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin, o cümlədən dövlət tərəfindən qrant verilməsinin hüquqi əsaslarının yaradılması və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra komitə sədri Azər Əmiraslanov “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, bu layihəyə dair heç bir təklifin olmadığını deyib və  səsə qoyulmasını xahiş edib.

Sənəddə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların sırasına daşınar əmlakın seriya nömrəsinin də əlavə edilməsi nəzərdə tutulub.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.


media-728x90banner

Bənzər xəbərlər