Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ
2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında yeni və mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Son illər qlobal siyasi və iqtisadi sistemdə baş verən dəyişikliklər, enerji bazarlarında yaranan yeni reallıqlar, beynəlxalq nəqliyyat marşrutlarının əhəmiyyətinin artması və regional təhlükəsizlik məsələlərinin aktuallaşması fonunda Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq təkcə ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Avrasiya məkanının sabitliyi və inkişafı nöqteyi-nəzərindən strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər artıq yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısının vurğuladığı kimi, cari ilin əvvəlindən etibarən Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin ardıcıl olaraq Azərbaycana səfərləri münasibətlərin intensivləşməsinin və qarşılıqlı siyasi dialoqun daha da dərinləşməsinin bariz nümunəsidir. Mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın, iyul ayında isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfərləri tərəflərin əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını nümayiş etdirir.
Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biri qarşılıqlı hörmətə, bərabərhüquqluluğa və milli maraqların qorunmasına əsaslanan beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir. Məhz bu prinsipial yanaşma Avropa İttifaqı ilə münasibətlərdə də özünü aydın şəkildə göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, münasibətlərdə müşahidə olunan görünməmiş dinamika tərəflərin siyasi iradəsinin nəticəsidir. Bu dinamika təkcə diplomatik təmasların intensivliyi ilə deyil, konkret iqtisadi layihələrin və strateji təşəbbüslərin həyata keçirilməsi ilə də təsdiq olunur.
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əlaqələr son illər davamlı şəkildə inkişaf etmişdir. Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqına üzv dövlətlərlə həyata keçirilməsi ölkəmizin Avropa iqtisadi məkanındakı mühüm mövqeyini nümayiş etdirir. Eyni zamanda, Cənubi Qafqaz regionunda Avropa İttifaqı ilə ticarətin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkəmizin regionun aparıcı iqtisadi aktoru olduğunu bir daha təsdiqləyir.
Ticarət münasibətlərinin inkişafı Azərbaycanın həyata keçirdiyi uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir. Son illər ölkədə yaradılmış əlverişli investisiya mühiti, müasir infrastruktur, makroiqtisadi sabitlik və şəffaf biznes mühiti xarici investorların marağını artırmışdır. Avropa şirkətlərinin Azərbaycanın müxtəlif iqtisadi sahələrində uğurla fəaliyyət göstərməsi qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycan–Avropa İttifaqı münasibətlərində enerji əməkdaşlığı xüsusi yer tutur. Prezident İlham Əliyevin vurğuladığı kimi, 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu tərəflər arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyən etmişdir. Həmin sənədin imzalanmasından sonra Azərbaycanın Avropa İttifaqı ölkələrinə təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Hazırda Azərbaycanın ixrac etdiyi qazın yarısı Avropa bazarına göndərilir və artıq Avropa İttifaqının on üzv dövləti Azərbaycan qazından istifadə edir.
Bu göstəricilər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha nümayiş etdirir. Xüsusilə son illərdə qlobal enerji bazarlarında yaşanan dəyişikliklər alternativ və etibarlı enerji mənbələrinin əhəmiyyətini daha da artırmışdır. Belə şəraitdə Azərbaycan uzunmüddətli müqavilələrə sadiqliyi, sabit enerji siyasəti və etibarlı tərəfdaş imici ilə seçilir.
Cənub Qaz Dəhlizi bu əməkdaşlığın ən uğurlu nümunələrindən biridir. Təxminən 3500 kilometrlik boru kəməri sistemi Xəzər hövzəsini Avropa bazarı ilə birləşdirərək enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu layihə yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycan bu layihənin təşəbbüskarı və əsas investorlarından biri kimi beynəlxalq əməkdaşlığın uğurlu modelini ortaya qoymuşdur.
Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, müasir dövrdə enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Məhz buna görə də Azərbaycan uzun illər ərzində neft və qaz ehtiyatlarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması üçün milyardlarla dollar həcmində investisiyalar yatırmış, yeni ixrac marşrutları yaratmış və regional əməkdaşlığı gücləndirmişdir.
Azərbaycanın həyata keçirdiyi siyasət yalnız enerji sahəsi ilə məhdudlaşmır. Son illər ölkəmiz beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilmək istiqamətində də mühüm addımlar atmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir və bu marşrutlar Avropa ilə Asiyanı birləşdirən ən mühüm ticarət yollarından hesab olunur.
Dünyada geosiyasi proseslərin dəyişməsi nəticəsində alternativ logistika marşrutlarına maraq əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan isə bu yeni reallığı vaxtında qiymətləndirərək dəmir yollarının, avtomobil magistrallarının, beynəlxalq hava limanlarının və Xəzər dənizində yerləşən müasir liman infrastrukturunun inkişafına böyük investisiyalar yatırmışdır. Bu infrastruktur artıq region ölkələrinin deyil, bütövlükdə Avrasiya məkanının iqtisadi inkişafına mühüm töhfə verir.
Dövlət başçısının bəyanatında diqqət çəkən digər mühüm istiqamətlərdən biri yaşıl enerji sahəsində əməkdaşlıq perspektivləri oldu. Dünyada enerji keçidinin sürətləndiyi, iqlim dəyişikliklərinə qarşı mübarizənin beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrildiyi şəraitdə Azərbaycanın bu sahədə həyata keçirdiyi layihələr xüsusi maraq doğurur.
Prezident İlham Əliyevin bildirdiyi kimi, artıq imzalanmış müqavilələr nəticəsində yaxın beş-altı il ərzində Azərbaycanda səkkiz giqavat həcmində günəş və külək enerjisi istehsal ediləcək. Bu göstərici Azərbaycanın bərpaolunan enerji sahəsində regionun aparıcı dövlətlərindən birinə çevriləcəyini göstərir. Bundan əlavə, mövcud layihələr gələcəkdə daha böyük investisiyalar üçün də geniş imkanlar açır.
Yaşıl enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın enerji ixrac potensialını daha da artıracaq. Daxili tələbatın müəyyən hissəsinin bərpaolunan mənbələr hesabına ödənilməsi daha çox təbii qazın ixracına imkan yaradacaq ki, bu da Avropa İttifaqının enerji təhlükəsizliyinə əlavə töhfə verəcək. Bununla yanaşı, yaşıl enerji kabeli və yeni ötürücü xətlər üzrə əməkdaşlıq Avropa ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yeni istiqamətini formalaşdırır.
Azərbaycanın xarici siyasətinin uğurları ölkənin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə şərait yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diplomatik fəaliyyət nəticəsində Azərbaycan müxtəlif beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanınır. Avropa Komissiyası ilə münasibətlərin inkişafı da məhz qarşılıqlı etimad və praktik əməkdaşlıq prinsiplərinə əsaslanır.
Bugünkü reallıq göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır. Ticarət, nəqliyyat, logistika, yaşıl enerji, investisiya, rəqəmsal transformasiya və regional təhlükəsizlik kimi sahələr əməkdaşlığın yeni istiqamətlərinə çevrilmişdir. Bu isə tərəflər arasında strateji tərəfdaşlığın daha da dərinləşməsi üçün geniş imkanlar yaradır.
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə keçirdiyi görüş və mətbuata verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan Avropanın etibarlı enerji təchizatçısı olmaqla yanaşı, regionun iqtisadi inkişafına, nəqliyyat təhlükəsizliyinə və siyasi sabitliyinə mühüm töhfələr verən aparıcı dövlətdir. Qarşılıqlı etimada əsaslanan bu münasibətlər gələcək illərdə daha da genişlənəcək, yeni layihələrin həyata keçirilməsinə və tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə möhkəm zəmin yaradacaq.
Milli Məclisin deputatı
Şahin Seyidzadə










