Azərbaycan Çin əlaqələri-Yeni mərhələ və gələcək perspektivlər: Naxçıvanla qardaşlaşan Urumçi
Azərbaycan və Çin arasında son illərdə müşahidə olunan yaxınlaşma, xüsusilə 2025-ci ilin aprel ayında Pekində imzalanan “Əhatəli Strateji Tərəfdaşlıq” haqqında Birgə Bəyanatla yeni bir mərhələyə qədəm qoydu. Bu, iki ölkənin yalnız iqtisadi və ticarət sahəsində deyil, siyasi, mədəni və təhlükəsizlik sahələrində də əməkdaşlığının dərinləşəcəyini göstərir. Əməkdaşlığın bu səviyyəyə çatması, təkcə ikitərəfli əlaqələrin inkişafı deyil, həm də qlobal və regional geosiyasi reallıqlar fonunda mühüm əhəmiyyət daşıyır.
Dünyada geosiyasi və iqtisadi balans dəyişdikcə, Azərbaycan və Çin kimi dövlətlər yeni tərəfdaşlıqlar vasitəsilə mövqelərini gücləndirməyə çalışır. Azərbaycanın Avropa və Asiya arasında strateji mövqeyi, enerji resursları və logistika imkanları Çin üçün böyük maraq doğurur. Eyni zamanda, Çin iqtisadi nəhəng kimi Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Çin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Onun təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan “Bir Kəmər, Bir Yol” layihəsinə fəal qoşularaq Orta Dəhliz üzərində mühüm tranzit mərkəzinə çevrilib. Ölkə Prezidentinin Çin rəhbərliyi ilə keçirdiyi yüksək səviyyəli görüşlər, 2025-ci ildə Pekində imzalanan Əhatəli Strateji Tərəfdaşlıq Bəyanatı və viza rejiminin ləğvi kimi qərarlar, iqtisadi, nəqliyyat, enerji və mədəni sahələrdə əməkdaşlığın dərinləşməsinə şərait yaradıb və iki ölkə arasında əlaqələrin yeni mərhələyə keçməsini təmin edib.
Son səfər çərçivəsində hüquqi, yaşıl enerji, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və aerokosmik sahələrdə imzalanan 20-dən artıq sənəd iki ölkənin əməkdaşlığının nə qədər çoxşaxəli olacağını göstərir. Xüsusilə, yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq, Azərbaycanın iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətlidir.
Adi pasport sahibləri üçün qarşılıqlı viza rejiminin ləğvi isə iki ölkə arasında insan axınının artmasına təkan verəcək. Bu qərar, sadəcə turizm və biznes səfərlərini asanlaşdırmaqla qalmır, həm də mədəniyyətlərarası dialoqu gücləndirir. Azərbaycan üçün Çin bazarına çıxış imkanlarının genişlənməsi, çay, quru meyvə, kənd təsərrüfatı məhsulları kimi qeyri-neft sektorunun inkişafında da müsbət rol oynaya bilər.
Eyni zamanda, Çin turistləri üçün Azərbaycan yeni bir istiqamətə çevrilə bilər. Azərbaycanın zəngin tarixi, mədəniyyəti və təbiəti Çinli turistlər üçün cəlbedici olacaq, bu isə turizm sektoruna əlavə gəlir gətirəcək.
Azərbaycanın Çinlə əlaqələrinin əsas sütunlarından biri də nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Azərbaycanın coğrafi mövqeyi onu Çinlə Avropa arasında əsas tranzit nöqtələrindən birinə çevirir. “Bir Kəmər, Bir Yol” təşəbbüsünün tərkib hissəsi olan Orta Dəhliz vasitəsilə Çin, Orta Asiya və Azərbaycan üzərindən Avropaya çıxış əldə edir. Bu marşrut, yükdaşımaların daha sürətli və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır. Bu istiqamətdə həyata keçirilən layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Limanı və digər logistika mərkəzlərinin inkişafı Azərbaycan üçün əlavə gəlir mənbəyi olmaqla yanaşı, ölkənin tranzit potensialını daha da artırır.
Əməkdaşlığın regional səviyyədə inkişafı da diqqətəlayiqdir. Azərbaycanın Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri arasında qardaşlaşma münasibətləri qurulub. Bu münasibətlər, qədim İpək Yolu boyunca mədəniyyət və ticarət əlaqələrinin bərpasına və möhkəmləndirilməsinə xidmət edir.
Urumçi – Sincan Uyğur Muxtar Rayonunun paytaxtı – Çin, Orta Asiya və Avropa arasında strateji qovşaqdır. Azərbaycanın Naxçıvan bölgəsi ilə Urumçi arasında əlaqələrin inkişafı, İpək Yolu boyunca əməkdaşlığın genişlənməsinə və tarixi bağların yenidən canlandırılmasına imkan verəcək.
Azərbaycan və Çin arasında əməkdaşlığın inkişafı, qarşılıqlı etimad və həmrəyliyə əsaslanır. Bu münasibətlər, yeni iqtisadi çağırışlara və qlobal transformasiyalara uyğunlaşmaq baxımından hər iki ölkə üçün faydalıdır.
Gələcəkdə təhsil mübadiləsi, mədəniyyət festivalları, texnoloji innovasiyalar və yaşıl enerji layihələri çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişlənəcəyi gözlənilir. Bu isə, Azərbaycan-Çin münasibətlərinin davamlı və səmərəli inkişafını təmin edəcək.
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü