Azərbaycan-Çin əlaqələrinin gələcəkdə daha da inkişaf edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının nüfuzlu CGTN telekanalına verdiyi müsahibə iki ölkə arasında inkişaf edən strateji tərəfdaşlığın bariz nümunəsi oldu. Prezident müsahibə zamanı Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafından, qarşılıqlı etimad və dəstək əsasında qurulan əməkdaşlıqdan bəhs etdi və gələcək perspektivlərə dair əhəmiyyətli mesajlar verdi.
Prezident İlham Əliyev Çin Xalq Respublikasına səfərindən danışaraq bildirdi ki: “Bu gün Çin rəhbərliyi ilə görüşlərim zamanı qeyd etdim ki, hər dəfə Çinə gələndə inkişaf görürəm. Bir çox yeni infrastruktur layihələrini, binaları və gözəl şəhəri görürəm. Dostlarımı sosial və iqtisadi inkişafda qeyri-adi nailiyyətlərlə, o cümlədən Çinin beynəlxalq aləmdəki fəaliyyəti ilə təbrik etdim. Hər zaman buraya gəlmək olduqca xoşdur. Burada dəfələrlə olmuşam. Çinə ilk səfərim hələ 2005-ci ildə olub. Bir sözlə, ötən 20 il ərzində ölkənin sürətli inkişafının və inanılmaz dəyişikliklərin şahidi olmuşam. Gördüklərim, iqtisadi inkişafla bağlı oxuduqlarım və mənə verilən məlumatlar göstərir ki, ölkəniz həqiqətən düzgün yoldadır. Bu münasibətlə sizi təbrik edirəm”.
Prezident İlham Əliyev çıxışında xüsusilə 2023-cü ilin iyul ayında Çin Sədri Si Cinpin ilə keçirilən görüşün tarixi əhəmiyyətini vurğuladı. Dövlət başçısı bu görüşü Azərbaycan-Çin əlaqələrinin daha yüksək səviyyəyə çatmasının mühüm mərhələsi kimi qiymətləndirdi. Prezident bildirdi ki, həmin görüşdə əldə olunan razılaşmalar ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə xidmət edir və ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın möhkəmlənməsinə yeni imkanlar açır.
Müsahibə zamanı Prezident Əliyev Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi dəstəyi xüsusi qeyd etdi. O, Azərbaycanın bu təşəbbüsün həyata keçirilməsində mühüm tranzit ölkələrdən biri olduğunu bildirdi və ölkənin nəqliyyat-logistika infrastrukturuna qoyulan investisiyalar haqqında məlumat verdi. Prezident Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini vurğuladı və bu strateji mövqeyin Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirdiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev müsahibədə, həmçinin Azərbaycan-Çin iqtisadi əlaqələrinin genişlənməsindən bəhs etdi. Xüsusilə ticarət dövriyyəsinin artdığını, Azərbaycan məhsullarının Çin bazarına çıxarılması istiqamətində görülən işləri və birgə investisiya layihələrinin perspektivlərini müzakirə etdi. O, Çinin Azərbaycan iqtisadiyyatında, xüsusilə qeyri-neft sektorunda iştirakını artırmasının əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev müsahibəsində diqqət çəkən əsas məqam hər iki xalq arasında qarşılıqlı anlayışın və dostluğun dərinləşməsinin vacibliyi xüsusi qeyd edərək, İki ölkə arasındakı münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyevin qoyduğu yolu qeyd edərək: “Mərhum atam iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynamışdır. O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində”.
Müsahibənin sonunda Prezident İlham Əliyev Azərbaycan-Çin əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. O bildirdi ki, qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlara əsaslanan əməkdaşlıq modeli ölkələrimizin ümumi rifahına və beynəlxalq sabitliyə mühüm töhfə verəcəkdir.
Prezident İlham Əliyevin CGTN-ə verdiyi bu müsahibə, Azərbaycanın Çinə və ümumiyyətlə Asiya regionuna verdiyi strateji əhəmiyyətin bir daha nümayiş etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan-Çin münasibətləri qarşılıqlı maraqlar, möhkəm siyasi iradə və ortaq vizion əsasında gələcəkdə daha da dərinləşəcəkdir.
Şahin Seyidzadə
Milli Məclisin deputatı