Azərbaycan etibarlı tərəfdaşdır
21 may 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu mühüm tədbir türk dünyasının siyasi, iqtisadi və mədəni birliyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edərək region və təşkilat üçün önəmli təşəbbüslərlə çıxış etdi.
Macarıstanın Baş naziri Viktor Orbanın səmimi qarşılaması və tədbirə verdiyi yüksək önəm Macarıstanın türk dünyası ilə əlaqələrinə verdiyi dəyərin göstəricisidir. O, Azərbaycanın Macarıstana qaz ixrac etməyə başlamasını strateji hadisə kimi qiymətləndirərək, iki ölkə arasında enerji əməkdaşlığının daha da dərinləşəcəyini bildirdi. Bu addım həm də Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətli bir irəliləyişdir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının son illərdəki dinamik inkişafını yüksək qiymətləndirərək, Azərbaycanla Macarıstan arasında strateji əməkdaşlığın möhkəm təməllər üzərində qurulduğunu vurğuladı. O, Azərbaycanın təşkilata üzv ölkələrə 20 milyard dollardan çox sərmayə qoyduğunu və bu əməkdaşlığın davamlı olacağını qeyd etdi.
Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın Avrasiya məkanında mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyini bildirdi. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, Xəzər dənizindəki geniş donanma və hava limanları sayəsində Azərbaycan türk dünyası üçün vacib tranzit ölkəyə çevrilib. Orta Dəhlizin rəqəmsallaşdırılması təşəbbüsü bu infrastrukturun daha effektiv istifadəsinə yönəlib.
Görüş zamanı COP29-un Azərbaycanda uğurla keçirilməsi də xüsusi qeyd olundu. “Bakı sıçrayışı” adlandırılan bu uğur, Azərbaycanın qlobal iqlim gündəliyində artan rolunu nümayiş etdirdi. İlham Əliyev həmçinin Qazaxıstan və Özbəkistanla birgə yaşıl enerji üzrə imzalanmış strateji sazişi xatırladaraq, bunun türk dünyasının enerji inteqrasiyasında yeni səhifə açdığını bildirdi.
Budapeşt Zirvə görüşü, yalnız diplomatik toplantı deyil, həm də türk dövlətləri arasında siyasi iradənin, iqtisadi tərəfdaşlığın və mədəni həmrəyliyin nümayişi idi. Macarıstanın ev sahibliyi etməsi, təşkilatın coğrafiyasının genişlənməsinin və Avropada da türk dövlətlərinin nüfuzunun artmasının göstəricisidir. Bu tədbir, Türk Dövlətləri Təşkilatının gələcək inkişaf yolunda mühüm mərhələ oldu.
Şahin Seyidzadə
Millət vəkili