Azərbaycan ordusu sülhün təminatçısıdır
“Bu gün Azərbaycan xalqına qələbə sevincini yaşadıb, başını uca edən, müasir dünya hərb tarixində görünməmiş yeniliklərə imza atıb, qızıl hərflərlə yazan Azərbaycanın Silahlı Qüvvələri Günüdür. Bu gün dünyada yaşayan bütün azərbaycanlıların sevincli, ordusu ilə fəxr edib, qürur duyduğu gündür”.
Bunu “açıqlamasında deputat İltizam Yusifov deyib.
Onun sözlərinə görə, biz bu gün tam əminliklə qeyd edə bilərik ki, ordumuz Azərbaycan dövlətinin təhlükəsizliyinin tam təminatçısıdır. “Azərbaycan ordusu bunu öz canı və qanı bahasına, işğal altında olan torpaqlarımızı azad edib, ərazi bütövlüyümüzü təmin etməsi, qərhrəman, peşəkar ordu olması ilə sübut edib”,- o qeyd edib.
O əlavə edib ki, bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla inkişaf etdirilərək, dünyanın ən güclü ordularından birinə çevrilib: “Bu müddət ərzində Azərbaycan ordusu peşəkar bir orduya çevrilməsi üçün çox zəngin praktik beynəlxalq təcrübə keçib. Azərbaycan ordusu bu müddət ərzində NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsəyiblər. Azərbaycan ordusu eyni zamanda beynəlxalq sülhə öz töhfəsini verən ordular sırasındadır. Azərbaycan ordusu beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda iştirak edib. Bununla da zəngin təcrübə qazanaraq, öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan ordusu modern orduya çevrildi. Azərbaycan ordusu NATO-nun ikinci ən böyük ordusu olan qardaş Türkiyənin ordusu ilə çox sıx əməkdaşlıq edərək ildə davamlı hərbi təlimlər keçərək öz peşəkarlıq və döyüş hazırlıq səviyyəsini artırdı. Ordu quruculuğu sahəsində həyata keçirilən siyasətin nəticəsi olaraq Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşıb.
İkinci Qarabağ müharibəsindən sonra isə dünya hərb mərkəzləri müasir hərb praktikasında tətbiq etmək üçün Azərbaycan ordusunun hərb taktikasını öyrənməkdədirlər. Azərbaycan ordusu İkinci Qarabağ müharibəsində ən müasir hərb texnologiyalarından istifadə etməklə mürəkkəb və əlverişsiz coğrafi şəraitlərdə uğurlu hərbi əməliyyatlar həyata keçirib, sivil insanlara və mülki infrastruktura zərər vurmadan qələbəni təmin etmək təcrübəsini beynəlxalq aləmə nümayiş etdirmiş oldu”.
Deputat əlavə edib ki, bu gün ordumuz Ali Baş Komandanın rəhbərliyi altında qarşısında duran hədəflərə nail olaraq Azərbaycanın ərazi bütövlüyünü təmin edərək, sərhədləri etibarlı şəkildə müdafiə etməkdədir. “Cənab Prezident daha güclü ordu quruculuğu istiqamətində ciddi addımlar atmaqdadır. Cənab Ali Baş Komandan bu günlərdə hərbçilər qarşısında çıxışı zamanı bəyan etdi ki, dünyadakı mövcud mürəkkəb geosiyasi proseslər hər bir ölkənin güclü ordusunun olmasını zəruri edir. Ona görə də daha güclü orduya malik olmaq üçün bütün işlər görülür. Bir yandan ordunun gücləndirilməsi və modernləşdirilməsi, digər tərəfdən isə ölkənin hərbi sənaye kompleksinin inkişaf etdirilməsi istiqamətində addımlar atılır. Ən müasir müdafiə və təhlükəsizlik sahəsinə aid məhsulların istehsalı istiqamətində işlər görülür. Bu gün Azərbaycanın hərbi sənaye kompleksinin istehsal etdiyi məhsullara xarici ölkələrdə böyük maraq var. Ordunun ən müasir silah-sursat, hərbi texnika ilə təchiz etmək üçün bir sıra xarici ölkələrdən, xüsusən də Türkiyə və İsraildən lazımi hərbi texnika alınır. Bu sahədə sıx əməkdaşlıq edilir. Birgə müəssisələrin yaradılması istiqamətində işlər görülür.
Ordunun döyüş qabiliyyəti daha da yüksəldilməsi, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi ilə yanaşı, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmaqdadır. Odur ki, ordu quruculuğu prosesinə geniş, əhatəli bir proses kimi baxılır. Güclü orduya çevrilməsini şərtləndirən amillərin hər birinə ayrılıqda və vəhdətdə xüsusi diqqət yetirilir. Ordu quruculuğunda indi əsas diqqət daha çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin komando qüvvələrinin yaradılmasına böyük önəm verilir. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. Komando qüvvələrin yaradılmasında Türkiyə təcrübəsi yaxından öyrənilir və ordumuzun Türkiyə ordusu modelinə uyğunlaşdırılması prosesinə başlanılıb. Türkiyə modelinə keçməklə daha güclü ordunun formalaşdırılmasına, peşəkarlıq və bacarıq baxımdan mühüm rol oynayacaq. Bu həm də komando qüvvələrin ən qısa zamanda çevik, ən mürəkkəb coğrafi şəraitdə belə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə imkan yaradacaq.
Azərbaycan və Türkiyə hərbi əməkdaşlıq ordumuzun dünyanın ən güclü orduları sırasında mövqelərinin möhkəmləndirməsinə və daha da irəli getməsinə imkan yaradacaq. Eyni zamanda çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına öz töhfəsini verəcək. Azərbaycanla Türkiyənin hərbi əməkdaşlıq sahəsindəki strategiyasının uğurla həyata keçirilməsi ordumuzun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaq. Qürur mənbəyimiz olan ordumuz hələ qarşıda çoxsaylı qələbələrə imza atıb, qələbə sevinci yaşadacaq. Azərbaycan ordusu dünyada sülhə və təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığı kimi, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasına öz müstəsna töhfəsini vermiş olacaq”.











