Xəbər verdiyimiz kimi, İlham Əliyevin Özbəkistana səfəri baş tutub.

Səfər çərçivəsində bir sıra məqamlar diqqət çəkərək sual doğurub.

Məsələn, maraqlıdır, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının məhz bu səfər çərçivəsində keçirilməsi nə dərəcədə əhəmiyyətlidir?

Bu mexanizm iki ölkənin müttəfiqliyinə real olaraq nə verir?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Razi Nurullayev danışıb.

Onun sözlərinə görə, bu səfərin əsas əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq sadəcə yüksək səviyyəli dostluq münasibətləri çərçivəsində qalmır, institusional və uzunmüddətli mexanizmə çevrilir. Avqustun 23-də Daşkənddə Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi də bunun göstəricisidir. Bu formatda prezidentlərin mütəmadi görüşməsi təsadüfi deyil. Burada konkret olaraq ticarət, investisiya, nəqliyyat, sənaye kooperasiyası, enerji, kənd təsərrüfatı və digər sahələr üzrə razılaşmaların icrasına siyasi nəzarət imkanları yaranır. Yəni Şura yalnız görüşüb fikir mübadiləsi aparmaq üçün yaradılmış qurum deyil; əsas məsələ qəbul edilən qərarların sonradan həyata keçirilməsidir.

Razi Nurullayev eyni zamanda deyib:

“Mən xüsusilə iqtisadi tərəfi vacib hesab edirəm. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun fəaliyyəti artıq real layihələrə çevrilir və Prezident İlham Əliyev də bu fondu ən səmərəli və nəticəyönümlü fondlardan biri kimi qiymətləndirib. Bu, münasibətlərin siyasi bəyanatlardan iqtisadi maraqların qarşılıqlı şəkildə bağlandığı mərhələyə keçdiyini göstərir. Bundan başqa, iki ölkənin yerləşdiyi coğrafiya da münasibətlərə xüsusi əhəmiyyət verir. Azərbaycan Qafqazla Mərkəzi Asiya arasında mühüm nəqliyyat və logistika bağlantısıdır, Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük və ən mühüm dövlətlərindən biridir. Ona görə də onların əməkdaşlığı yalnız ikitərəfli münasibət deyil, daha geniş Türk dünyası və Orta Dəhliz baxımından da əhəmiyyət daşıyır.

Deputat vurğulayıb ki, burada bir məqamı da qeyd etmək lazımdır: müttəfiqlik yalnız siyasi sənədlərlə ölçülmür.

“Əsl müttəfiqlik çətin məqamda bir-birinin yanında olmaq, iqtisadi maraqları uzlaşdırmaq, nəqliyyat və enerji layihələrində bir-birinə arxalanmaq və uzunmüddətli strateji baxış formalaşdırmaqdır. Azərbaycan və Özbəkistanın münasibətlərində artıq bunun elementlərini görürük. Ona görə də üçüncü iclası mən münasibətlərin sadəcə davamı kimi yox, Azərbaycan-Özbəkistan müttəfiqliyinin institusional olaraq möhkəmləndirilməsi mərhələsi kimi qiymətləndirərdim. Əsas məsələ bundan sonra qəbul olunan qərarların nə qədər sürətlə və konkret nəticələrlə həyata keçirilməsidir”,- deyə o, həmçinin qeyd edib.


media-728x90banner

Bənzər xəbərlər