Azərbaycan regionda yeni reallıqlar yaradıb
“Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” agentliyinə müsahibəsi həmişə olduğu kimi yenə də böyük rezonans doğurub. Prezident jurnalistin təqdim etdiyi sualları çox səlis və səmimi cavablandırıb və həm Azərbaycanlı oxucuları, həm də beynəlxalq arenadan olan izləyiciləri heyrətləndirməyi bacarıb. Dövlət başçısı müsahibəsində həm müharibədən əvvəl və 44 gün ərzində baş verən məsələlər, həm də post-müharibə dövründə Qarabağ və Zəngəzur iqtisadi rayonlarında görülən işlərdən bəhs edib”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, Prezident xarici dost ölkələrin Qarabağda quruculuq işlərinə cəlb olunmasından, xüsusilə isə Türkiyədən sonra İtaliyanın Qarabağda aparılan yenidənqurma işlərində və digər sahələrdə müxtəlif layihələrin icrasına başlayan ikinci dövlət olduğunu qeyd edib: “Prezident, həmçinin qapılarımızın dost ölkələrə hər zaman açıq olduğunu və bölgədə baş verən son hadisələri, Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları ardıcıllıqla sadalayıb. Jurnalistin suallarından biri də beynəlxalq aləmdə ölkə başçısı haqqında yayılan son məlumatlarla bağlı idi. Sualı cavablandırmaq üçün Prezident çox dəqiq və effektli cümlələr seçdi. Dövlət başçısı söylədi ki, 44 günlük ikinci Qarabağ müharibəsindən sonra bizə qarşı bu və ya digər formada informasiya savaşının açılacağını gözləyirdik, çünki biz bunu uzun müddət görmüşük. Qərbdə ermənilərin dostu olan bir sıra ölkələrin Azərbaycana qərəzinin hər zaman şahidi olmuşuq. Yəni, qələbədən sonra da belə halların baş verəcəyi, hətta artacağı gözlənilən idi. Lakin bunlar bizi qətiyyən qayğılandırmır. Cənab İlham Əliyev, eyni zamanda dedi ki, o Prezident olmamışdan əvvəl uğurlu biznesmen olub və bu, onların ailə üzvlərinə ötürülüb. İndi isə o, ölkə rəhbəri kimi sırf siyasi fəaliyyyətlə məşğuldur. Burada əsas məsələ Ali Baş Komandanın Vətən müharibəsi dövründə əsl komandan kimi cəbhə ilə bağlı verdiyi tapşırıqlar, ordu birləşmələrində ümumi rəhbərliyi həyata keçirmək və uğurlu əməliyyatlara rəhbərlik etməklə yanaşı, həmin ərəfələrdə informasiya savaşında da öndə olması idi. Dünyanın bir çox aparıcı xəbər agentlikləri və televiziya kanallarına verdiyi müsahibələrlə qurulmuş informasiya blokadalarını yarmış oldu. Bu proses indi də davam edir, müharibənin savaşı bitsə də, informasiya müharibəsi davam edir. Biz yenə də öndə Cənab İlham Əliyevin olduğunu görürük. Prezident müsahibələrində Azərbaycanın ordusunun beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirdiyini, Dağlıq Qarabağ adlı yerin mövcud olmadığını, konfliktin geridə qaldığını və öz doğma torpaqlarımızda gördüyümüz quruculuq işləri barədə məlumat verir. Bütün bunlar Azərbaycanın iqtisadi gücünü sübut edir, insan potensialını göstərir. Vətən müharibəsində V nəsil müharibə taktikası ilə dünyanı heyran qoyan Azərbaycan indi də quruculuq işləri ilə xalqımızın çox şeyə qadir olduğunu sübut edir. Prezident hücumlara baxmayaraq mərdliklə, intellektual biliklə Azərbaycan həqiqətlərini dünyada təbliğ edir, informasiya savaşında hər kəsi qabaqlayır. Prezident deyib ki, hamı ölkəmizlə bağlı bütün məsələlərin Azərbaycanda birbaşa mənimlə həll edildiyini bilsin. Yəni, digər dövlətlərin torpaqlarında gözümüz yoxdur və siyasətimiz müstəqildir. Doğrudan da, Azərbaycanın uğuru onun müstəqil siyasət yeritməsi ilə bağlıdır. Bu siyasət də Prezident İlham Əliyev tərəfindən aparılır”.










