Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür. Zaman keçdikcə biz Ulu Öndərin şəxsiyyətinin ucalığını, dövlətimiz üçün müəyyən etdiyi siyasi kursun və inkişaf yolunun əzəmətini daha yaxından və dərindən anlayırıq. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Ulu Öndərin yolu ilə gedərək istənilən sahədə inkişafdan, uğurlardan bəhs etmək olar. Biz bunu müasir Azərbaycanın nümunəsində görürük. Heydər Əliyev kimi dahilər öz əməlləri ilə mənsub olduqları xalqın, dövlətin qürurlu tarixini yaradır, onun inkişaf salnaməsinini müəllifinə çevrilirlər. Tariximizə nəzər salanda görürük ki, dövlətimizin çətin vaxtlarında Heydər Əliyev bir lider kimi bütün vəzifələri layiqincə, qətiyyətlə yerinə yetirib, Azərbaycanı tənəzzüldən inkişafa, sabitliyə aparıb”.

Bunu açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, sovet dövründə Azərbaycanı keçmiş ittifaqın qabaqcılları sırasına çıxaran Heydər Əliyev müstəqillik illərində də öz missiyasını müdrikcəsinə həyata keçirib, dövlətimizi parçalanmaqdan, xalqımızı öz azadlığını itirməkdən xilas edib: “Dövlət başçımızın da qeyd etdiyi kimi, Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət edib. Sovet Azərbaycanı dövründə – 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxardı. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşdı. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər.

Heydər Əliyev 1982-87-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Sovet Hökuməti sədrinin birinci müavini kimi daim Azərbaycana öz diqqətini, qayğısını göstərirdi. Məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan o illərdə də uğurla inkişaf edirdi.

Azərbaycan xalqı Heydər Əliyevlə bütün dövrlərdə qürur duyub”.

Deputat qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nail olduğu hər bir uğur həm də Heydər Əliyev ideyalarının reallaşmasıdır: “Məhz bu ideyalar nəticəsində Azərbaycan tarixinin ən qüdrətli dövlətinə, bölgənin liderinə, dünyada isə söz sahibinə çevirilib.

Azərbaycanın yeganə problemi torpaqlarımızın işğal altında olması idi. Vətən müharibəsində torpaqlarımızın azad edilməsi bir daha Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun təntənəsi kimi tariximizə həkk olundu. Bu qələbəyə aparan yolun əsasını illər öncə Ulu öndər müəyyən etmişdi. Məhz Heydər Əliyevin sayəsində müasir Azərbaycan dövlətinin yaradılmasından sonra müsbətə doğru baş verən dəyişikliklər həm də torpaqlarımızın azad edilməsi üçün etibarlı bünövrə yaradılmasını təmin etdi. Ulu öndər əmin idi-“ Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun” deyirdi”.

“Azərbaycan bu illər ərzində bütün sahələrdə güclənərək, elə bir səviyyəyə çatdı ki, ordumuz müharibə yolu ilə Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Yəni, Azərbaycan beynəlxalq hüququ özü öz gücü hesabına təmin etdi.

Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz ötən il suverenliyimizi də bərpa edərək qələbəmizi bütünləşdirdik.

Müzəffər Ali Baş Komandanın da söylədiyi kimi, Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq.

Ulu öndər Heydər Əliyev Azərbaycanı bütün təhlükələrdən xilas etdi. Prezident İlham Əliyev isə Azərbaycanı sürətli inkişaf yoluna, dünyanın ən güclüləri sırasına çıxardı. Bu dövlət və haqlı olaraq qürur duyduğumuz ordumuz qarşısında duran tarixi missiyanı, Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Ona görə bu gün Heydər Əliyevin də ruhu şaddır, çünki Vətən müharibəsindəki qələbə, suverenliyimizin bərpası həm də Ulu Öndərin ideyalarının təntənəsidir”,- deyə o əlavə edib.


media-728x90banner

Bənzər xəbərlər