Azərbaycan yeni dövrün çağırışlarına cavab verir
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Təşkilat Komitəsinin yaradılması xəbərini böyük məmnuniyyət və fəxarət hissi ilə qarşıladıq.
Azərbaycan artıq bir neçə beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə ev sahibliyini edən ölkə kimi tanınır. Xüsusilə, ötən il Bakıda uğurla təşkil olunmuş COP29 beynəlxalq iqlim konfransı ölkəmizin qlobal etimada sahib olduğunu bir daha nümayiş etdirdi. COP29 zamanı əldə olunan diplomatik, təşkilati və məzmun baxımından uğurlar – beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsi, dayanıqlı gələcəklə bağlı təşəbbüslərə ev sahibliyi və yerli potensialın səfərbər olunması – indi WUF13-ə gedən yolda bizə zəngin təcrübə verir.
Bu dəfə isə şəhərsalma, urbanizasiya və davamlı inkişaf sahəsində dünyanın diqqəti yenidən Bakıya yönələcək. Təbii ki, belə miqyaslı tədbirin hazırlanması və keçirilməsi böyük məsuliyyət tələb edir. Təşkilat Komitəsinin yeni tərkibi qarşıya qoyulan məqsədləri layiqincə reallaşdırmaq üçün güclü təməldir. Onlara bu mühüm vəzifədə uğurlar arzu edir, hər bir üzvün bilik və bacarığı ilə bu prosesi uğurla həyata keçirəcəyinə inanıram.
Xatırlatmaq istəyirəm ki, urbanizasiya sadəcə şəhər planlaşdırılması deyil – bu, eyni zamanda insan həyatının keyfiyyətinə, ətraf mühitə və sosial rifaha göstərilən diqqətin göstəricisidir. Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurlar – işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” konsepsiyasının tətbiqi, yaşıl enerji yanaşmaları və tarixi-mədəni irsin mühafizəsi – artıq beynəlxalq aləmdə örnək kimi qiymətləndirilir.
Bütün bu nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan yeni dövrün çağırışlarına cavab verə bilən, gələcəyi planlaşdıran və qlobal müstəvidə söz sahibi olan ölkədir.
WUF13 Forumuna gedən bu yol Azərbaycanın növbəti uğur salnaməsinin yazılması olacaq. Gəlin birlikdə bu yolda həmrəylik nümayiş etdirək!
Fatma Yıldırım
Milli Məclisin deputatı