Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatasının yaradılması nəzərdə tutulur.

Xalq.online xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Palata özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında yaradılacaq. Özünüidarəetmə prinsipi ilə fəaliyyət göstərəcək qeyri-kommersiya hüquqi şəxsin məqsədi üzvlərinin hüquq və qanuni mənafelərini qorumaq, onların fəaliyyətini əlaqələndirmək olacaq.

Özəl məhkəmə eksperti Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildiyi andan Palatanın üzvü sayılacaq. Ekspertin fəaliyyətinə xitam verildikdə onun üzvlüyü də başa çatacaq.

Palatanın idarə olunması qaydası nizamnamə ilə tənzimlənəcək. Quruma İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edəcək.

Palata üzvlük haqları, üzvlərə intizam tənbehi kimi tətbiq olunan cərimələrdən daxilolmalar və ianələr hesabına maliyyələşəcək. Üzvlük haqqının məbləği, ödənilmə müddəti və qaydası nizamnamə ilə müəyyən ediləcək.

Qurum özəl məhkəmə eksperti olmaq istəyən şəxslərə ixtisas imtahanlarına hazırlıqda metodiki kömək göstərəcək, ekspertlərin fəaliyyətini əlaqələndirəcək və təlimlərini təşkil edəcək. Palata həmçinin etik davranış kodeksinə riayət olunmasına nəzarət edəcək, dövlət qurumlarında özəl məhkəmə ekspertlərini təmsil edərək onların hüquq və qanuni mənafelərini müdafiə edəcək.

Ekspertin fəaliyyətlə bağlı normativ hüquqi aktların tələblərini və ya icra intizamını pozmasına işarə edən kifayət qədər dəlil olduqda Palata onun barəsində intizam icraatının başlanması üçün İntizam Komissiyasına təqdimat verə biləcək.

Palatanın səlahiyyətlərinə məhkəmə ekspertizası fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək, digər ölkələrin məhkəmə ekspertləri, beynəlxalq təşkilatlar və hüquqi şəxslərlə əməkdaşlıq etmək də daxil olacaq.

Keçid müddəalarına görə, Palata dövlət qeydiyyatına alınanadək onun səlahiyyətlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirəcək. Həmin müddətdə özəl məhkəmə ekspertlərinin üzvlük haqları bu qurum tərəfindən ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək və özəl məhkəmə ekspertizası fəaliyyətinin məqsədləri üçün istifadə olunacaq.

Palata Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertləri tərəfindən təsis ediləcək. 2027-ci il iyulun 1-dək onların sayı 50 nəfərə çatmasa, təsis yığıncağı Reyestrə daxil edilmiş ekspertlərin azı üçdə ikisinin iştirakı ilə keçiriləcək. Yığıncağa iştirakçılar arasında ən yaşlı özəl məhkəmə eksperti sədrlik edəcək.

Reyestrə 50 özəl məhkəmə eksperti daxil edildikdən sonra bir il ərzində Palata təsis olunmasa, təsis yığıncağını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum çağıracaq.

Palata dövlət qeydiyyatına alındığı andan Reyestrə daxil edilmiş bütün özəl məhkəmə ekspertləri onun üzvü hesab ediləcəklər.


media-728x90banner

Bənzər xəbərlər