media-98
Müstəqillik Günü Laçında Tarixi Zirvə Görüşü, üç ölkənin birliyi təkcə regional deyil, həmçnin qlobal miqyasda müsəlman dünyasının səsinin güclənməsinin də ifadəsidir.
28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümündə Laçın şəhərində baş tutan Zirvə görüşü həm tarixi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb etdi. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bir araya gəlməsi dostluq, müttəfiqlik və ortaq dəyərlərin ən yüksək təcəssümünə çevrildi.
Bu görüşün Laçında keçirilməsi rəmzi mənası ilə də fərqlənir. Uzun illər işğal altında qalan bu şəhər bu gün artıq azad, bərpa edilmiş və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən bir məkana çevrilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, Laçın xalqımızın qəhrəmanlığının, dövlətimizin iradəsinin və müstəqil diplomatiyasının parlaq simvoludur.
Laçın Beynəlxalq Hava Limanının açılışı bu prosesin strateji mərhələsidir. Təkcə mülki deyil, həm də təhlükəsizlik və müdafiə baxımından əhəmiyyətli olan bu infrastruktur layihəsi Azərbaycanın regionda lider mövqeyini daha da gücləndirir. Zirvə görüşünün bu məkanda keçirilməsi həm də Türkiyə və Pakistanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin canlı nümayişidir.
Azərbaycan, Türkiyə və Pakistan tarixin sınaqlarından keçmiş, sıx dostluq və qardaşlıq bağları ilə birləşmiş üç dövlətdir. Bu münasibətlər rəsmi diplomatik əlaqələrin çox-çox o üzündə dayanır – sarsılmaz inam, qarşılıqlı dəstək və ortaq gələcək üçün birgə iradə ilə qurulmuşdur. 2020-ci ilin Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bu qardaşlığın bariz nümunəsidir. Azərbaycan da daim bu iki dost ölkənin yanında olmuşdur.
Azərbaycan, Türkiyə və Pakistan – Cənubi Qafqaz, Cənubi Asiya və Orta Şərqdə yeni geosiyasi nizamın formalaşmasında əsas aktorlardır. Onların birliyi təkcə regional deyil, qlobal miqyasda müsəlman dünyasının səsini gücləndirir. Enerji layihələri, nəqliyyat dəhlizləri və hərbi-texniki əməkdaşlıq bu strateji tərəfdaşlığın praktik ifadələridir.
Laçında keçirilən Zirvə görüşü bütün dünyaya bir mesaj verdi: Azərbaycan, Türkiyə, Pakistan sadəcə dost deyil, strateji ortaqdır, birgə gələcəyin qurucularıdır. Onların birliyi təkcə region üçün deyil, bütövlükdə dünya üçün sülhə, inkişafa və ədalətə xidmət edir.
Bu möhtəşəm görüş Azərbaycanın müstəqillik tarixində parlaq səhifə kimi qalacaq və ölkəmizin regional liderlik mövqeyini daha da möhkəmləndirəcəkdir.
Ülviyyə Həmzəyeva 
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər