media-ulvi
Prezident İlham Əliyevin Albaniyada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər və ona göstərilən hörmət bir daha sübut etdi ki, Azərbaycan artıq beynəlxalq arenada “orta güc” kimi tanınır və onunla ciddi şəkildə hesablaşılır.
Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə keçirilən mühüm görüşdə Azərbaycanın Avropa İttifaqı üçün etibarlı və mühüm tərəfdaş olduğu vurğulandı. Xüsusilə də Avropanın enerji böhranı yaşadığı dövrdə ölkəmizin göstərdiyi dəstəyin yüksək qiymətləndirilməsi bu münasibətlərin dərin və strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi.
Avropa liderləri Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsində və Orta Dəhlizin inkişafında aparıcı rolunu xüsusi qeyd etdilər. Onlar, həmçinin, Azərbaycanın regionda və onun hüdudlarından kənarda sülh və sabitliyin təmin olunmasına, dialoq və əməkdaşlıq mühitinin formalaşmasına verdiyi töhfələri yüksək qiymətləndirdilər. Bu, ölkəmizin artıq regional deyil, beynəlxalq səviyyədə də mühüm aktora çevrildiyinin açıq göstəricisidir.
Prezident İlham Əliyevin uzaqgörən və prinsipial xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu sürətlə artır. Etibarlı tərəfdaş imici qazanan ölkəmiz, eyni zamanda, qlobal geosiyasi proseslərdə fəal iştirak edərək öz mövqeyini daha da gücləndirir. Azərbaycanın diplomatik uğurları həm də onun gələcəkdə daha böyük və mühüm təşəbbüslərdə ön sırada olacağını göstərir.
Avropa İttifaqının yüksək vəzifəli şəxsləri də bir daha bəyan etdilər ki, Azərbaycan yalnız bu günün deyil, gələcəyin də enerji təhlükəsizliyində əsas tərəfdaşdır. Ölkəmiz “yaşıl enerji”, iqtisadi əməkdaşlıq, tranzit-logistika və Orta Dəhlizin inkişafı sahəsində həlledici rol oynayır. Bu isə Avropa ilə Azərbaycan arasında qarşılıqlı etimad və strateji əməkdaşlıq zəminində daha güclü tərəfdaşlığın qurulmasına xidmət edir.
Sonda əminliklə demək olar ki, Prezident İlham Əliyevin güclü liderliyi ilə Azərbaycan qarşıdakı illərdə də mühüm uğurlar əldə edəcək, regional və beynəlxalq arenada söz sahibi olan ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək.
Ülviyyə Həmzəyeva 
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər