media-ulvi
Prezident İlham Əliyevin “Euronews” kanalına verdiyi son müsahibə həm region, həm də beynəlxalq aləm üçün bir sıra önəmli mesajlarla yadda qaldı. Bu müsahibə təkcə ölkənin siyasi kursunu izah etməklə kifayətlənməyib, həm də Azərbaycanın yeni dünya düzənində tutduğu mövqeyi, özünəinamını və qlobal tendensiyalara qarşı sərgilədiyi müstəqil yanaşmanı ortaya qoydu.
Dövlət başçısının çıxışından aydın görünür ki, Azərbaycan artıq illər öncə olduğu kimi beynəlxalq təşkilatların passiv və bəzən ədalətsiz qərarlarını gözləyən bir ölkə deyil. Əksinə, Prezident bir daha bəyan etdi ki, ölkə öz gücünə və milli maraqlarına əsaslanaraq, regional və beynəlxalq məsələlərdə fəal oyunçuya çevrilib. Müsahibədə qeyd olunan “beynəlxalq hüququn selektiv tətbiqi” fikri son dərəcə mühüm və sərt bir mesaj idi. Bu yanaşma, Azərbaycanın beynəlxalq hüququn bəzi ölkələr üçün işləyib, digərləri üçün sadəcə kağız üzərində qalmasından narahat olduğunu göstərir.
Burada bir sual meydana çıxır: Azərbaycan yeni dünya düzənində hansı yerə iddia edir? Cənab Prezidentin fikirlərindən çıxan nəticə budur ki, Azərbaycan yeni beynəlxalq münasibətlər sistemində daha çox milli maraqlarını önə çəkən, regional əməkdaşlıq platformalarını inkişaf etdirməyə çalışan və ikitərəfli əlaqələri daha effektiv vasitə kimi görən bir ölkədir. Prezident İlham Əliyevin “ölkələr daha çox ikitərəfli münasibətlərə üstünlük verir” fikri isə beynəlxalq təşkilatlara olan inamın azalmasının göstəricisidir.
Dövlət başçısının Cənubi Qafqazda təhlükəsizlik mexanizmləri barədə dedikləri də diqqətəlayiq idi. Onun post-sovet məkanında mövcud olmuş qarşılıqlı əməkdaşlıq ruhuna qayıtmaq çağırışı, regionda yeni bir təhlükəsizlik və əməkdaşlıq formatının yaradılmasına açıq çağırış kimi səsləndi. Ölkə Prezidentin bu fikirləri, həm də Ermənistanla sülh sazişi bağlanmadığı müddətdə bölgədə tam sabitliyin qeyri-mümkünlüyü barədə səsləndirdiyi fikirlə uzlaşır. Beləliklə, Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, regionda uzunmüddətli sabitliyin açarı hələ də Ermənistan-Azərbaycan münasibətlərinin həllindədir.
Bütün bunlarla yanaşı, Ölkə Rəhbərinin ABŞ-ın yeni administrasiyasına dair səsləndirdiyi praqmatik fikirlər də diqqət çəkdi. Perezident İlham Əliyevin “Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq” bəyanatı, Azərbaycanın qlobal səviyyədə konstruktiv əməkdaşlığa sadiq mövqeyini nümayiş etdirir və ikitərəfli əlaqələrin qarşılıqlı hörmət və anlaşma əsasında yenidən qurulmasına hazırlıq mesajı kimi dəyərləndirilə bilər. Bu yanaşma Azərbaycanın xarici siyasətində qarşılıqlı maraqlara əsaslanan balanslı diplomatiyasını bir daha təsdiqlədi.
Müsahibədən çıxarılan əsas qənaət ondan ibarətdir ki, Azərbaycan mövcud qeyri-müəyyən və dəyişkən beynəlxalq sistemdə özünəməxsus yol seçib. Bu yol – daxili gücə, milli maraqlara və tarixi ədalətə söykənən bir siyasətdir. Dövlət başçısının Forum barədə dedikləri isə Azərbaycanın yalnız regionda deyil, beynəlxalq səviyyədə də ideya və təşəbbüslərlə çıxış edən ölkə kimi mövqeyini gücləndirdiyini sübut edir.
Beləliklə, Prezident İlham Əliyevin “Euronews” müsahibəsi Azərbaycanın təkcə ərazi bütövlüyünü bərpa edən bir ölkə kimi deyil, həm də yeni qlobal düzəndə milli maraqlarını qorumağı prioritet sayan müstəqil və prinsipial dövlət imicini bir daha nümayiş etdirdi.
Ülviyyə Həmzəyeva 
Milli Məclisin deputatı 

media-728x90banner

Bənzər xəbərlər