media-jalee
Prezident İlham Əliyevin WUF13-də çıxışı: Azərbaycanın şəhərsalma modeli və postmünaqişə inkişaf konsepsiyası
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər yalnız şəhərsalma məsələlərini deyil, həm də Azərbaycanın müasir inkişaf fəlsəfəsini, postmünaqişə quruculuq strategiyasını və beynəlxalq nüfuzunun artmasını əks etdirən mühüm siyasi mesajların məcmusudu. Çıxışın məzmunu göstərir ki, Azərbaycan şəhərsalmanı artıq təkcə memarlıq və infrastruktur məsələsi deyil, milli təhlükəsizlik, sosial rifah, tarixi irsin qorunması və dayanıqlı inkişaf siyasətinin əsas komponentlərindən biri kimi təqdim edir.
Prezidentin “182 ölkədən 45 mindən artıq iştirakçı” faktını xüsusi vurğulaması Azərbaycanın beynəlxalq platformalarda artan rolunun göstəricisidir. Bu rəqəm WUF13 forumunun miqyasını nümayiş etdirməklə yanaşı, Bakının artıq qlobal diplomatik və beynəlxalq müzakirə məkanlarından birinə çevrildiyini göstərir. Dövlət başçısının öz çıxışında COP29-la paralel aparması isə təsadüfi deyil. Bununla Azərbaycan beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi edən, qlobal gündəliyə təsir göstərən ölkə kimi təqdim olunur.
Çıxışda xüsusi diqqət çəkən məqamlardan biri Bakının tarixi və müasir memarlıq sintezinin təqdim edilməsi oldu. Prezident Azərbaycanın Şərqlə Qərbin qovuşduğu məkan olduğunu vurğulayaraq İçərişəhərdən Bakı Bulvarına, XIX əsr Avropa memarlığından müasir şəhərsalma nümunələrinə qədər geniş tarixi-mədəni xətt çəkdi. Bu yanaşma Azərbaycanın multikultural və sivilizasiya körpüsü kimi təqdim edilməsinə xidmət edir. Burada verilən əsas mesaj ondan ibarətdir ki, modernləşmə tarixi irsin dağıdılması hesabına deyil, onun qorunması ilə paralel həyata keçirilməlidir.
Prezidentin “Şəhərsalma və Memarlıq İli” ilə bağlı fikirləri də strateji məna daşıyır. Bu, şəhərsalmanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini göstərir. Ağdam, Zəngilan və Xankəndidə keçirilən milli şəhərsalma forumlarının qeyd olunması isə Azərbaycanın postmünaqişə dövründə Qarabağı beynəlxalq urbanizasiya və “ağıllı şəhər” modelinin nümunəsinə çevirmək niyyətini nümayiş etdirir.
Çıxışın ən mühüm hissələrindən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı idi. Prezident Ağdamın “Qafqazın Xirosiması” adlandırılmasını xatırladaraq Ermənistan işğalının vurduğu dağıntıları beynəlxalq auditoriyanın diqqətinə çatdırdı. Burada əsas siyasi məqsəd işğal dövründə törədilən dağıntıların miqyasını göstərmək və Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini beynəlxalq legitimlik müstəvisində təqdim etmək idi.
“Böyük Qayıdış” proqramı barədə səsləndirilən rəqəmlər də diqqətəlayiqdir. Tunellər, körpülər, hava limanları, dəmir yolları, məktəblər və xəstəxanaların qısa müddətdə inşası dövlətin Qarabağ siyasətinin yalnız siyasi deyil, sosial-iqtisadi əsaslara söykəndiyini göstərir. Prezidentin “torpağın yiyələri belə davranır” fikri isə həm siyasi, həm də emosional mesaj xarakteri daşıyır. Bu yanaşma Azərbaycan dövlətinin Qarabağda uzunmüddətli məskunlaşma və inkişaf strategiyasını vurğulayır.
Çıxışda ətraf mühit və ekoloji transformasiya məsələləri də xüsusi yer tutdu. Bakının neft sənayesi nəticəsində uzun illər ərzində ciddi ekoloji problemlərlə üzləşdiyini qeyd edən Prezident Qara şəhərin Ağ şəhərə çevrilməsini urbanizasiya və ekoloji bərpa modelinin simvolu kimi təqdim etdi. Bu, Azərbaycanın post-neft dövrünə keçid strategiyasının da mühüm elementlərindən biridir. Eyni zamanda, parkların salınması, mikromobillik, ictimai nəqliyyat və “yaşıl şəhər” konsepsiyalarının vurğulanması şəhərsalmanın artıq ekoloji təhlükəsizliklə birgə düşünülməsindən xəbər verir.
Formula 1 nümunəsi ilə verilən metafora isə çıxışın ən yaddaqalan siyasi-fəlsəfi mesajlarından biri hesab oluna bilər. Prezident burada inkişafın sürətli, lakin ehtiyatlı aparılmalı olduğunu qeyd etdi. Yəni modernləşmə və texnoloji yenilənmə vacibdir, amma tarixi irsin qorunması qurban verilməməlidir. Bu fikir əslində Azərbaycanın ümumi inkişaf modelinin fəlsəfəsini ifadə edir.
Prezident İlham Əliyevin WUF13-də çıxışı
Azərbaycanın beynəlxalq nüfuzunun artması,
Bakının qlobal urbanizasiya və diplomatik mərkəzə çevrilməsi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti, tarixi-mədəni irsin qorunması ilə modernləşmənin uzlaşdırılması,
ekoloji transformasiya və “yaşıl şəhər” konsepsiyası, şəhərsalmanın sosial rifah və milli inkişaf strategiyasının əsas elementi kimi təqdim olunması kimi bir neçə mühüm istiqaməti ön plana çıxardı.
Bu çıxış göstərdi ki, şəhərsalma Azərbaycan üçün artıq yalnız memarlıq məsələsi deyil, eyni zamanda dövlətçilik, milli kimlik, iqtisadi inkişaf və beynəlxalq nüfuzun mühüm aləti kimi vacib bir platformadır

media-728x90banner

Bənzər xəbərlər