Bakı və Pekin arasında möhkəmlənən əlaqələr – Yeni çağırışlar və fürsətlər
Bakı və Pekin arasında möhkəmlənən əlaqələr – Yeni çağırışlar və fürsətlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının nüfuzlu Sinxua agentliyinə verdiyi 21 aprel 2025-ci il tarixli müsahibəsi, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsi və genişlənməsi baxımından mühüm mesajlar ehtiva edir. Bu müsahibə təkcə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivlərini əks etdirmir, həm də Azərbaycan xarici siyasətinin əsas istiqamətlərini, qlobal çağırışlara münasibətini və beynəlxalq sistemdə öz mövqeyini necə formalaşdırdığını göstərir.
Prezident İlham Əliyev müsahibədə Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayır. Bu münasibətlər 2023-cü ildə imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə rəsmiləşdirilmişdir. Bəyannamə çərçivəsində iki ölkə arasında qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyünün tanınması, daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan əlaqələr formalaşıb. Bu, beynəlxalq münasibətlərdə klassik diplomatik etiketin qorunması ilə yanaşı, qarşılıqlı fayda prinsipinin prioritet olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə şəxsi münasibətləri, yüksək səviyyəli dialoqu və tez-tez baş tutan qarşılıqlı səfərlərin əlaqələrin dinamik inkişafında mühüm rol oynadığını qeyd edir. Bu amil ikitərəfli münasibətlərin sadəcə formal deyil, dərin məzmunlu və qarşılıqlı etimada əsaslanan bir əməkdaşlığa çevrildiyini göstərir.
Müsahibədə iqtisadi-ticari əlaqələrin inkişafı əsas yer tutur. Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşına çevrilmiş, əmtəə dövriyyəsi 2024-cü ildə 20,7% artaraq 3,7 milyard dollara çatmışdır. Xüsusilə, Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycanın nəqliyyat-logistika potensialının artırılması vurğulanır. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi infrastruktur layihələri Azərbaycanın Çinin “Kəmər və Yol” təşəbbüsündə önəmli mövqeyini möhkəmləndirir.
Ölkəmizin Prezidenti qeyd edir ki, Azərbaycan bu təşəbbüs çərçivəsində Çindən sonra ən çox investisiya qoyan ikinci ölkədir. Azərbaycanın coğrafi mövqeyi vasitəsilə Çin ilə Avropa və Orta Asiya arasında yüklərin daşınmasında etibarlı tranzit ölkəyə çevrilməsi, təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Azərbaycanın COP29-a sədrliyi və burada əldə olunan nailiyyətlərə xüsusi diqqət yetirir. İqlim maliyyəsinin artırılması, İtki və Zərər Fondunun fəaliyyəti kimi qərarlar Azərbaycanın qlobal iqlim gündəliyində fəal rol oynadığını göstərir. Əlavə olaraq, Qərb dairələrinin təzyiq və boykot cəhdlərinə baxmayaraq, Azərbaycanın COP29-u uğurla təşkil etməsi, ölkənin beynəlxalq münasibətlərdə müstəqil və suveren siyasət yürütmək əzmini nümayiş etdirir.
Çinin bu prosesdə fəal iştirakına görə minnətdarlıq bildirməsi isə, Pekin-Bakı əlaqələrinin təkcə iqtisadi və siyasi deyil, həm də qlobal problemlərin həllində birgə fəaliyyətə əsaslandığını göstərir.
Müsahibədə Azərbaycan və Çin arasında təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi də önə çəkilir. İki ölkənin ali təhsil müəssisələri arasında mübadilə proqramları, Çin və Azərbaycan dillərinin qarşılıqlı tədrisi, vizasız rejimin tətbiqi bu əməkdaşlığın praktiki nəticələridir. Bu, iki xalq arasında anlayış və yaxınlaşmanı gücləndirir.
Ölkə rəhbəri İlham Əliyev Azərbaycanın Qlobal Cənubun bir hissəsi kimi beynəlxalq arenada ədalətli və bərabər hüquqlu nizamın tərəfdarı olduğunu bir daha təsdiqləyir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu istiqamətdə atılan mühüm addımlardandır. Eyni zamanda, Çinlə bərabər, beynəlxalq hüququn, BMT Nizamnaməsinin və çoxtərəfliliyin qorunmasına dəstək verilməsi, hegemonluğa və güc siyasətinə qarşı çıxılması Azərbaycanın mövqeyini gücləndirir.
Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi bu müsahibə Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu, strateji tərəfdaşlığın çoxşaxəli və dayanıqlı əsaslara söykəndiyini nümayiş etdirir. Azərbaycan bu əlaqələri yalnız iqtisadi maraqlar çərçivəsində deyil, həm də beynəlxalq siyasətdə öz suveren mövqeyini qorumaq, qlobal problemlərin həllində iştirak etmək və regional əməkdaşlıq platformalarını gücləndirmək məqsədilə inkişaf etdirir. Bu siyasət, Azərbaycanın həm regionda, həm də beynəlxalq səviyyədə nüfuzunun artmasına xidmət edir.
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı, YAP İdarə Heyətənin üzvü