Binəqədi icra başçısı qanunsuz tikintiyə necə icazə verib? -Videofakt
İcazə sənədinin olmamasına baxmayaraq apartman sürətlə tikilir və aidiyyatı qurumlar susur
Binəqədi rayon Binəqədi qəsəbəsi Gülüstan küçəsində icazə sənədi olmadan yaşayış binası (apartman) inşa edilir.
XALQ xəbər verir ki, bu barədə videogörüntülər yayımlanıb.
Bildirilir ki, Binəqədi qəsəbəsi Gülüstan küçəsində inşa edilən yaşayış binasının tikintisi üçün dövlətin rəsmi qurumlarının icazəsi yoxdur. Ancaq Gülüstan küçəsində inşa edilən yaşayış binasının tikintisinə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən “icazə” verildiyi bildirilir.
İddialara görə icazə biraşa Binəqədi rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev tərəfindən verilib.
Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir. Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır.
Ancaq Binəqədi qəsəbəsi Gülüstan küçəsində inşa edilən yaşayış binasının (apartman) məlumatlandırma löhvəsi yoxdur.
Apardığımız araşdırmada Binəqədi qəsəbəsi Gülüstan küçəsində inşa edilən yaşayış binası ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumata rast gəlmədik.
Bu isə o deməkdir ki, inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmayıb.
Məsələ ilə bağlı yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.