Binəqədi sakinləri susuz qalıb
Binəqədi qəsəbəsi Söyüdlü və Ozan küçələrində sakinlər susuz qalıb.
XALQ-a müraciət edən sakinlərin sözlərinə görə, ərazidə su xətlərində qəza baş versə də, artıq 3 gündür ki, problem aradan qaldırılmayıb.
Bu isti günlərdə susuz qalan əhali aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, nəticə ala bilmədiklərini deyir:
“Azərsu”ya zəng edirik, ya zəng çatmır, ya da cavab verən əməkdaşlar bir-birini təkzib edən, səhv məlumatlar verir. Hamımızı aldadırlar. Məsələni gəlib həll etmirlər”.
Şikayətçilərdən biri qeyd edib ki, problem ərazidə yerləşən “Məhəmmədoğulları servis”lə bağlıdır. Belə ki, sakinlərin sözlərinə görə, qəza servisin yaxınlığında baş verib.
Sakinlər bildirirlər ki, nə vaxt suyun veriləcəyi ilə bağlı onlara konkret vaxt deyilməyib. Onlar vəziyyətin tezliklə həll olunmasını tələb edir.