“Biz bu ərazilərimizdə də qanunlarımızı ən qısa müddətdə tətbiq etməliyik” – Hikmət Babaoğlu
“Hazırda şübhəsiz ki, müvəqqəti olaraq sülhməramlıların nəzarəti altında olan ərazilərimizdə Azərbaycan qanunlarının tətbiq edilməsi zərurəti var ki, Azərbaycan addım-addım buna doğru gedir. Çünki sülhməramlıların Azərbaycanda qalma müddəti başa çatmaq üzrədir. Buna görə də şübhəsiz ki, biz bu ərazilərimizdə də qanunlarımızı ən qısa müddətdə tətbiq etməliyik. Fikrimcə, Azərbaycan Prezidentinin Xocalı rayonunun yüksəkliklərindən verdiyi mesaj həm də bununla bağlı ola bilər”. Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərini şərh edərkən deyib.
“Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza hər səfəri Azərbaycan xalqında qürur yaradır. Azərbaycan Prezidentinin Füzuli və Xocalı rayonlarına səfəri zamanı bir daha onun şahidi olduq ki, işğaldan azad olunmuş ərazilərimizdə necə böyük tikinti və quraşdırılma işləri aparılır, Böyük Qayıdış üçün necə böyük infrastuktur yaradılır, yollar çəkilir, körpülər qurulur. Əlbəttə ki, bu, xalqımızın tarixində çox mühüm hadisədir.

Dövlət başçısının səfəri çəkilən yollar, aparılan işlər, qəsəbələr və onların hazırki vəziyyəti ilə tanışlıq xarakteri daşıyır. Lakin Prezident İlham Əliyevin Xocalı rayonunun Sığnaqçı kəndinə getməsi və Əhmədbəyli-Şuşa yolunun tikintisinin ümumi mənzərəsi ilə tanış olması, tunellərin inşası və çox mürəkkəb relyefdə onların necə sürətlə tikilməsi məsələlərinə diqqət yetirməsi Qarabağda görülən işlərlə bağlı hər birimizdə əyani bir təsəvvür yaratdı. Eyni zamanda Müzəffər Ali Baş Komandanın Xocalı rayonunun kəndlərində olan yüksəkliklərdə ərazilərimizə nəzər salması da Azərbaycanın hər qarış torpağında Azərbaycanın qanunlarının tətbiq olunacağı ilə bağlı verilən ismarıc kimi də qəbul edilə bilər. Çünki bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, bütün sərhədləri boyu bir qarış ərazi də nəzarətimizdən kənarda deyil. O cümlədən, Ermənistan-Azərbaycan sərhəddində Laçın yolu üzərində də Azərbaycan öz nəzarət-buraxılış məntəqəsini quraşdırıb”, – deputat qeyd edib.










