Böyük Qayıdış daha da tezləşəcək
“2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklər layihəsində büdcənin gəlirləri 36 milyard 353 milyon manat proqnozlaşdırılıb ki, bu da hazırkı gəlirlərlə nisbətdə 2 milyard 180 milyon manat və ya 6,4 faiz artım deməkdir. Yəni büdcə təxminən 2,2 milyard manat artırılır, büdcənin xərcləri isə 3 milyard manat artırılaraq 39,9 milyard manata çatdırılır. Artan büdcə gəlirlərin əsas mənbəyini, təxminən 60 faizini və ya 1,3 milyard manatını qeyri-neft yığımları təşkil edəcək.Neft gəlirlərinin məbləği cəmi 605 milyon manat təşkil edəcək ki, bu da cəmi gəlirlərin 28 faizi deməkdir. Bu isə o deməkdir ki, büdcənin 2.2 milyard manat artımı neft-qaz sektoru hesabına deyil, qeyri-neft yığım mənbələrinin genişlənməsi hesabına təmin olunacaq”.
Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Millət vəkili qeyd edib ki, büdcədə dürüsləşmələr aparıldıqdan sonra xərclərinin artımı əlavə maliyyə təminatının yaradılmasına səbəb olacaq: “Bu isə ölkəmizdə bir nömrəli vəzifə olan azad edilmiş ərazilin quruculuq işlərinin daha da geniş miqyas almasının ritminin artırılmasına əlavə güc və maliyyə təminatı olacaq. Azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, infrastrukturların yaradılması geniş vüsət alır və bundan sonrakı mərhələdə bu işlərin birbaşa Azərbaycanın öz xərcləri hesabına daha da genişlənməsi əsas çağırışıdr. Büdcədən azad edilmiş ərazilərin bərpasına nə qədər çox vəsait ayrılarsa Böyük Qayıdış daha da tezləşmiş olur”.
A.Hüseynov deyib ki, büdcədə xərclərin artırılmasından sonra digər əsas xərc maddəsi kimi strateji məqsədlərdən biri olan milli təhlükəsizlik məsələlərinin maliyyə təminatının daha da yaxşılaşdırılması prioritetlilik təşkil edəcək: “Hazırda dünyada və regionda mövcud geosiyasi və hərbi vəziyyət ölkənin müdafiə qabiliyyətinin daima diqqətdə saxlanılmasını və daha da gücləndirilməsini, müdafiə və milli təhlükəsizlik sahəsində islahatların davam etdirilməsini tələb edir. Bu zəmində, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin bərqərar olunması, toxunulmazlığının təmin edilməsi və davamlı mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır”.











