Bu gün Bakıda İİB Qrupunun toplantısı keçirilir
Azərbaycan Prezidenti İlham Əliyevin yüksək himayəsi altında İslam İnkişaf Bankı (İİB) Qrupu bu gün Bakıda 2026-cı il İllik Toplantılarına rəsmi olaraq start verib.
“Davamlı rifah naminə regional inteqrasiya” mövzusunda keçirilən tədbir Qlobal Cənubun AAA reytinqinə malik çoxtərəfli inkişaf institutu olan İİB Qrupunun əsas toplantısıdır. Tədbir İİB Qrupunun 57 üzv ölkəsindən və digər dövlətlərdən siyasətçiləri, inkişaf sahəsində çalışan mütəxəssisləri və maliyyə sektorunun liderlərini bir araya gətirir.
Bu ilki mövzu regional inteqrasiyanın davamlı inkişafın və ortaq rifahın təmin edilməsində hərəkətverici qüvvə kimi artan əhəmiyyətini əks etdirir. Mövzu həmçinin İİB Qrupunun 2026–2035-ci illəri əhatə edən Onillik Strateji Çərçivəsi ilə sıx uyğunluq təşkil edir. Həmin sənəddə regional inteqrasiya üzv ölkələrdə inklüziv, dayanıqlı və davamlı inkişafın təşviq edilməsinin əsas sütunlarından biri kimi müəyyən olunub.
2026-cı il İllik Toplantıları Azərbaycanın son 15 il ərzində ikinci dəfə İİB Qrupunun ən nüfuzlu beynəlxalq tədbirinə ev sahibliyi etməsi ilə əlamətdardır. Azərbaycan bu tədbirə ilk dəfə 2010-cu ildə ev sahibliyi edib.
Toplantılar maliyyə, iqtisadiyyat, planlaşdırma və beynəlxalq inkişaf sahələrinə cavabdeh nazirləri, həmçinin aparıcı beynəlxalq maliyyə institutlarının, qlobal inkişaf təşkilatlarının və strateji tərəfdaşların yüksək səviyyəli nümayəndələrini bir araya gətirir. Bu nüfuzlu tədbir ümumi inkişaf prioritetlərinin müzakirəsi, əməkdaşlığın gücləndirilməsi və bilik mübadiləsi üçün yüksək səviyyəli platforma təqdim edir, davamlı sosial-iqtisadi tərəqqinin irəlilədilməsinə xidmət edir.
Toplantılar çərçivəsində iştirakçılar inkişaf sahəsində meydana çıxan çağırışlar və imkanlarla bağlı geniş müzakirələr aparacaq, uzunmüddətli qlobal inkişaf və dayanıqlılığa töhfə verəcək innovativ və praktik həllərin müəyyənləşdirilməsinə diqqət yetirəcəklər.
Proqrama Qubernatorlar Şurasının qanunverici iclasları, İİB Qrupunun sədrinin iştirakı ilə keçiriləcək “Fireside Chat”, Qubernatorların Dialoqu, İİB Qrupunun Özəl Sektor Forumu, Çoxtərəfli İnkişaf Banklarının Biznes İmkanları Forumu, Ərəb Koordinasiya Qrupunun (ACG) Özəl Sektor Sessiyası, eləcə də bir sıra yüksək səviyyəli dəyirmi masalar, şəbəkələşmə imkanları, sərgilər və bilik mübadiləsi tədbirləri daxildir.
Bu tədbirlər çərçivəsində islam maliyyəsi, gənclərin məşğulluğu, dayanıqlılıq və iqlim dəyişikliklərinə uyğunlaşma, halal ekosisteminin inkişafı, regional enerji bağlantıları, ticarət və əlaqələndirmə, süni intellekt və rəqəmsal iqtisadiyyatlar, innovasiya və startaplar, etiketlənmiş sukuklar, regional səhiyyə təhlükəsizliyi, sosial müdafiə sistemləri və digər aktual inkişaf çağırışları kimi prioritet mövzular müzakirə olunacaq.










