Bu lüğət əsas və aktual anlayışların daha yaxşı başa düşülməsinə kömək edəcək
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Şəhərsalma Terminlərinin İzahlı Lüğəti”nin təqdimatı olub.
Nəşrin hazırlanmasında məqsəd şəhərsalma sahəsində beynəlxalq müzakirələrdə istifadə olunan əsas anlayışların daha aydın və sistemli şəkildə izah edilməsidir.
Lüğətdə dayanıqlı şəhərsalma, BMT-nin dayanıqlı inkişaf gündəliyi, şəhərlər və yaşayış məskənləri ilə bağlı geniş istifadə olunan terminlər toplanaraq izah olunub. Nəşr daha çox praktik istinad mənbəyi kimi nəzərdə tutulub.
Təqdimat zamanı çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şöbə müdiri Ramil Cahangirov bildirib ki, şəhərlər üçün nəzərdə tutulan izahlı lüğətin hazırlanması həqiqətən çox dəyərli təşəbbüsdür.
Onun sözlərinə görə, məhz bu baxımdan ortaq bir dilin olması çox vacibdir:
“Məhz buna görə biz hesab edirik ki, bu lüğət memarlar, şəhərsalma mütəxəssisləri və ümumiyyətlə bu sahəyə maraq göstərən hər kəs üçün çox faydalı və praktik bir vasitə olacaq. Bundan əlavə, lüğət terminologiyanın vahid şəkildə istifadə olunmasına, əsas və aktual anlayışların daha yaxşı başa düşülməsinə kömək edəcək.
Əlbəttə, bu təşəbbüs tələbələr və akademik mühit üçün də çox faydalıdır. Mən bu təşəbbüsə görə həmkarlarımıza təşəkkürümü bildirirəm və bu prosesdə iştirak etməkdən məmnunluğumu bildirmək istəyirəm”, – deyə o qeyd edib.










