Bu qanunda dəyişiklik birinci oxunuşda qəbul olundu
Bu gün Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib. İclasda gündəliyə daxil olan məsələdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.
O, sənəddə ölkə Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələrək bir sıra düzəlişlərin təklif edildiyini deyib. Qeyd olunub ki, Milli Fəaliyyət Planında dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və məlumatların digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi prinsipi müəyyən edilib. Bildirilib ki, bu prinsipin sahəvi qanunlarda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edir, vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı öhdəliklərinin və vaxt itkisinin azaldılmasına, vətəndaş məmnunluğunun artırılmasına, qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edir.
Layihədə, habelə uyğunlaşma çərçivəsində bir sıra qanunlarda “Elektron hökumət portalı” sözlərinin “Elektron Hökumət İnformasiya Sistemi” sözləri ilə əvəz edilməsi və bəzi dəqiqləşdirmə xarakterli düzəlişlərin edilməsi də nəzərdə tutulur.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənəd barədə bu komitələrin müsbət rəyini söylədikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.