“Bu, regionun gələcək təhlükəsizlik arxitekturasına ciddi təsir göstərən məsələdir”
Hər bir dövlət arasında dövlət sərhədi mütləq şəkildə olmalıdır və bu dövlət sərhədinə uyğun olaraq onun delimitasiya və demarkasiyası keçirilir. Delimitasiya o deməkdir ki, bu sərhəd haradan keçir. Demarkasiyada artıq razılaşdırılmış sərhəd xəttinin keçidləri müəyyən olunur, yəni demarkasiya real coğrafiyada haradan keçid olur və konkret şəkildə işarələnmə deməkdir”.
Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Komitə sədri qeyd edib ki, bu gün Ermənistan və Azərbaycan arasında sərhəd təxminən 1007 kilometrdir: “Onun təxminən 12 kilometri demarkasiya və delimitasiya olub, bu da Qazax istiqamətində olan sərhəddir. Yəni sərhəd dirəkləri qoyulur, koordinatlar dəqiqləşdirilir, hansı ərazi kimə məxsusdur sualı hüquqi, fiziki olaraq bağlanır və bu sərhəd çərçivəsində həmin dövlətlərin ərazi bütövlüyü tanınır. Mübahisəli sahə anlayışı demək olar ki, yoxa çıxır, minimuma enir. Bu, belə həssas bölgələrdə çox vacibdir. Çünki uzun illər SSRİ-nin tərkibində olub, qeyri-müəyyən sərhədlər gərginlik mənbəyi olub və kimsə yüksəkliyin daha çox özünə keçməsini istəyib. Yəni bu problemlərin həlli mütləq şəkildə lazımdır”.
A.Nağıyevin sözlərinə görə, ona görə də Paşinyanın sərhədlərin demarkasiyası tamamlanmalıdır bəyanatı çox mühüm məsələdir: “Bu, tək texniki məsələ deyil, regionun gələcək təhlükəsizlik arxitekturasına ciddi təsir göstərən məsələdir. Bu, hərbi toqquşma riskini azaldır, beynəlxalq hüquqa dəqiq aydınlıq gəlir, iqtisadi və nəqliyyat imkanları, yolların açılması, ticarət marşrutlarının bərpası, logistik reallaşma üçün şərait yaranır, dövlətlər bir-birinin ərazi bütövlüyünü daha konkret tanıyır və hərbi toqquşma kimi risk azalır. Dəfələrlə hətta Paşinyanın verdiyi açıqlama var ki, artıq hər iki tərəfdə əsgərlər dəbilqəsiz gəzir. Yəni mübahisələr, münaqişələr azalır. Bu, lokal insidentlərin sayını azaldır. Məlum məsələdir ki, sülhün bərqərar olması üçün mütləq şəkildə edilməsi mümkün olan delimitasiya və demarkasiyadır”.
O, risklərin qaldığını da deyib: “Demarkasiya vaxtı bəzi kəndlər və yollar üzrə bəzi narazılıqlar davam edir. İkitərəfli danışıqla bunu razılaşdırmaq olur. Müxtəlif müxalif qüvvələr bundan istifadə edə bilər. Lakin yerli əhali üçün sosial və təhlükəsizlik problemləri nə qədər yaransa da, tarix və statistika da bunu göstərir ki, bir sıra dövlətlərdə bu problemlər yaranıb, lakin demarkasiya və delimitasiya olandan sonra bu, həll olunur. Yəni demarkasiya demək olar ki, ümumi oyunun qaydalarını müəyyən edir, ancaq tam şəkildə uzunmüddətli sülhü təmin etmək üçün əlavə məsələlərə ehtiyac var. Bu yöndə də həm Azərbaycan, həm Ermənistan tərəfdən yaranmış komissiyalar yüksək səviyyədə öz işini görür, mütəmadi olaraq görüşür və sülhün bərqərar olması istiqamətində ən ciddi addımlar atılır”.










