Deputat: “Azərbaycanda ənənəvi enerjidən əldə etdiyi gəlirlər hazırda bərpaolunan enerjiyə yönəldilır”
Prezident İlham Əliyev Avropanın ən tanınmış televiziya kanallarından olan “Euronews” televiziyasına müsahibəsində bir sıra önəmli məqamlara toxunub. Cənab Prezident müsahibəsində enerjidən danışaraq bildirib ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Azərbaycan neft ölkəsi olduğu kimi eyni zamanda bərpaolunan enerji sahəsində də ciddi yatırımlar edir, uğurlar qazanır. Azərbaycanın torpağının altı “qara qızıl” olduğu kimi, iqlimi də alternativ enerji üçün idealdır. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malikdir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Prezident bildirib ki, ölkəmizdə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilib. Son illərdə sahə üzrə görülən işlər davam etdirilib və bərpa olunan enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu təsdiq edilib. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Hazırda Azərbaycan COP29 kimi böyük tədbirə ev sahibliyi etməyə hazırlaşır. Dünyanın gözü yenə də bizdədir. Azərbaycanın son illər hərb sahəsindəki uğurları, diplomatiyadakı qələbəsi, on illərdir etibarlı tərəfdaş kimi fəaliyyəti onu dünyanın diqqət mərkəzinə gətirib. Şübhə edilmir ki, COP29 tədbiri də uğurla keçəcək. Cənab Prezident Azərbaycanın yaşıl gündəliyi ətrafında atdığı addımları xüsusilə vurğulayıb. Ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün Dövlətimizin cəlbedici məkan olduğu söyləyib”.










