Deputat Razi Nurullayev vətəndaşlarla görüşdü
Milli Məclisin deputatı Razi Nurullayev vətəndaşlarla görüşdü
Deputat bildirib ki, Milli Məclisdə qəbul keçirərək vətəndaşları dinlədim, onların müraciət və ərizələrini qəbul etdim. Xüsusilə qazilərimizin qaldırdığı məsələlər diqqət mərkəzində olur. Bir qazimizin problemi ilə bağlı ciddi şəkildə məşğul olacağıq. Ona atılacaq addımlar barədə də ətraflı məlumat verdik və məsələnin mərhələli şəkildə həlli istiqamətində irəliləmək qərarına gəldik.
Ümumiyyətlə, qəbullar zamanı hər dəfə şahidlik edirəm ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı narazılıqlar kifayət qədər çoxdur. Qarşıma çıxan qazilər və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar arasında elələri var ki, sağlamlıq vəziyyəti açıq-aşkar ağır olsa da, əlillik dərəcəsinin müəyyən olunması prosesində ciddi çətinliklərlə üzləşirlər. Bu da cəmiyyətdə haqlı suallar doğurur.
Təəssüf ki, hazırkı sistem bəzən elə bir vəziyyət yaradır ki, insan əlillik statusunu almaq üçün uzun və çətin bir mübarizə aparmalı olur. Halbuki məqsəd əksinə olmalıdır, həqiqətən ehtiyacı olan insanlara sosial dəstəyin vaxtında və ədalətli şəkildə göstərilməsi təmin olunmalıdır.
Əlilliyin qiymətləndirilməsi mexanizmləri daha şəffaf, obyektiv və insan yönümlü olmalı, xüsusilə qazilərimiz və ağır xəstələr üçün bu proses daha həssas yanaşma ilə həyata keçirilməlidir. Bu istiqamətdə mövcud problemlərin qaldırılması və həlli üçün səylərimizi davam etdirəcəyik deyə millət vəkili bildirib.











