Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından dörd il ötür.
Azərbaycan xalqının öz doğma torpaqlarına sevgisi əbədidir.
Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və digər şəhərlərdə bütün layihələrimiz təqdim edilmişdir. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir.
İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var.
Bunları Prezident İlham Əliyev 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə öz çıxışında bildirib.
Prezident qeyd etdi ki, Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir və bu gün Füzulidə rahat yaşamaq üçün bütün infrastruktur, şərait var və digər azad olunmuş regionlarda da yaradılacaq. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bilməlidirlər ki, Azərbaycan və erməni xalqı hər zaman yanbayan yaşayıb. Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu və infrastruktur yaradılmışdı. Sovet dövründə bütün bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdür.
Bu gün Böyük Qayıdış Proqramı qəbul olunub və uğurla icra edilir. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
İnsanların yaxşı yaşaması üçün, gələcəkdə bütün işlər görüləcək və biz bu torpaqları necə əldə etdiyimizi heç zaman unutmamalıyıq.Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edərək, hərbçilərimizin qəhrəmanlığını unutmamalıyıq. Bu şanlı tarix bizim yaddaşımızdan heç vaxt silinməməlidir.
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı

media-728x90banner

Bənzər xəbərlər