Deputat: “Ermənistan havadarları təşkilatlanmış şəkildə Azərbaycan əleyhinə kampaniya aparılır”
Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasından sonra ermənilər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinin “blokadada” olması ilə bağlı miflər yaratmağa başladı. Bir sıra beynəlxalq təşkilatlar isə erməni təxribatına uyaraq, Azərbaycan əleyhinə bəyanatlar veriblər.
Bir müddət əvvəl BMT İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertinin guya Azərbaycan tərəfindən “Laçın dəhlizinin” blokadada saxlandığı və “Dağlıq-Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış etdi. Azərbaycan Xarici İşlər Nazirliyi bu çıxışın təəssüf doğurduğu və bunun BMT orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsi cəhdlərindən xəbər verdiyini bildirib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyev isə vurğulayıb ki, ermənilər və onların havadarları Azərbaycana qarşı şantaj yolunu tutur:
“Laçın yolunun guya bağlanması ilə bağlı ermənilər son vaxtlar təşkilatlanmış şəkildə Azərbaycan əleyhinə kampaniya aparırlar. Ermənistan hakimiyyəti, erməni diasporu və bunlara himayədarlıq edən lobbi təşkilatları birlikdə bir növ Azərbaycanı ermənilərin haqlarını, hüquqlarını tapdalamaqda, Qarabağın dağlıq hissəsini blokadada saxlamaqda ittiham edirlər. Təbii ki, bunların heç bir əsası yoxdur. Biz görürük ki, hər gün Laçın sərhəd-buraxılış nəzarət məntəqəsindən ermənilər iki istiqamətdə də sərbəst hərəkət edirlər. Onların istər Ermənistana, istərsə də Qarabağa gəlməklə bağlı heç bir məhdudiyyəti yoxdur. Sadəcə ermənilər yaratdıqları bu vəziyyətdən Azərbaycan əleyhinə şantaj vasitəsi kimi istifadə etməyə cəhd edirlər. Bu da Ermənistanla yanaşı bəzi qlobal gücləri ciddi şəkildə narahat edir. İstəyirlər ki, bölgədə sülh, əmin-amanlıq bərpa olunmasın və Qarabağ ətrafında yaranan ajiotaj səngiməsin. İstəyirlər ki, bölgədə daim narahatlıq olsun və münaqişə davam etsin. Sadaladığm qüvvələrin hər biri öz geosiyasi maraqlarını təmin edirlər”.










